Avropa ölkələrində yayılan qızılcanın Azərbaycanda "alovlanma təhlükəsi" varmı?
Azərbaycanda peyvəndlə əhatə faizi yüksək olduğuna görə, uşaqlar arasında qızılca xəstəliyinin yayılması ehtimalı yoxdur.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, Ukrayna, Rumıniya, İtaliya və bəzi Avropa ölkələrində qızılca xəstəliyinin yayılmasının əsas səbəbi peyvəndlərlə əhatə səviyyəsinin aşağı olmasıdır.
A.Əliyeva qeyd edib ki, peyvənd aparılan ölkədə belə alovlanma baş vermir.
O əlavə edib ki, Azərbaycanda qızılca və məxmərək əleyhinə qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə peyvənd həyata keçirilir. Peyvənd təqviminə əsasən, bu peyvənd uşaqların 12 aylığında və 6 yaşında aparılır. Planlı peyvəndlə əhatə olunma səviyyəsi hər il ölkədə 97,8-98 faiz olur.
Azərbaycanda kifayət qədər vaksinlə təminatın olduğunu və vaksinlərin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun, təhlükəsiz olduğunu deyən A.Əliyeva vaksinlərin sayının uşaqların sayına uyğun olduğunu da söyləyib:
“2006-cı ildə 35 yaşadək olan insanlar arasında immunlaşdırma kampaniyası aparıldı. Həmin ildə peyvəndləmə faizi 95 faizdən yuxarı olduğuna görə, 2008-ci ildən Azərbaycanda məxmərək xəstəliyi, 2013-cü ilədək qızılca xəstəliyi qeydə alınmayıb. Lakin o zaman Rusiyadan gəlmə hadisələri qeydə alındı və kiçik bir alovlanma baş verdi, ancaq onun qarşısı vaxtında alındı. 2013-cü ilin iyul ayından Azərbaycanda qızılca xəstəliyi də qeydə alınmır”.
A.Əliyeva qeyd edib ki, Azərbaycanda böyük yaşlılar peyvənd edildiyinə görə onların da bu xəstəliyə qarşı immuniteti var:
A.Əliyeva qeyd edib ki, qızılcaya qarşı bir peyvənd uşaqda tam immunitet yaratmadığına görə, 5 ildən sonra ikinci peyvənd aparılır:
“Bununla da 25-30 il müddətində bu immunitet uşaqda qalır. Hətta hesab edirəm ki, ətrafda xəstə insanlar yoxdursa, bu immunitet uşaqlarda uzun müddət qalacaq, onlara ömürlük bəs edəcək”.
A.Əliyeva hər bir şəxsin həyatı boyunca heç olmasa bir dəfə də olsa belə, qızılca və suçiçəyi xəstəliyini keçirməli olması barədə fikirlərin əsassız olduğunu söyləyib:
“Bu, sovet dövrünün fikirləri idi. O zaman insanların anlayışı da başqa cür idi. İndi isə peyvənd olunanlar heç bir zaman xəstələnmirlər”.
Qeyd edək ki, son 11 ay ərzində Ukraynada 3000-dən çox insanda qızılcaya yoluxma faktı aşkarlanıb.
Daha pis vəziyyət İvano-Frankovski, Zakarpatiya vilayətlərində qeydə alınıb. Odessada isə 3-ü uşaq olmaqla, 5 nəfər qızılcadan ölüb.
Trend