Avropa Nevrologiya Akademiyası Azərbaycanı sentyabr ayının ölkəsi seçdi

Azərbaycan səhiyyəsinin inkişafı göz qabağındadır. Həm əhaliyə göstərilən tibbi yardımın təşkili, səhiyyə sisteminin təkmilləşdirilməsi, həm də tibb işçilərinin hazırlanması müasir standartlara uyğun aparılır. Son illərdə Azərbaycanda tibb sahəsində bir sıra ictimai birliklər təsis edilib və beynəlxalq təşkilatlarla əlaqəlar gücləndirilib. Buna misal olaraq, Azərbaycan tibb  cəmiyyətlərinin  həm ölkəmizdə, həm də ölkəmizin sərhədlərindən kənarda, bir sıra beynəlxalq konfranslar təşkil etməsini, alimlərimizin çıxışlarını və beynəlxalq proyektlərdə iştirakını göstərmək olar.

Bu cəmiyyətlərdən biri də 2011-ci ildə təsis edilmiş Nevroloqların Milli Assosiasiyasıdır. Assosiasiya təsis edildiyi gündən həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bir sıra konqress və seminarlar təşkil edib, beynəlxalq cəmiyyətlərə üzv olmuş, irimiqyaslı proyektlərə qoşulub. Belə cəmiyyətlərdən biri də Avropa Nevrologiya Akademiyasıdır.

Nevroloqların Milli Assosiasiyası 2011-ci ildən Akademiyanın üzvüdür (o zaman Nevrologiya Assosiasiyalarının Avropa Federasiyası) və  Akademiyanın hər il keçirilən konfransında geniş heyət ilə iştirak edir və Azərbaycan nevroloqlarının elmi işlərini təqdim edir. 2012-ci ildə Assosiasiya Avropa Nevrologiya Akademiyasının Regional Təlim kursunun Azərbaycanda keçirilməsi üçün müraciət edib və 2014-cü ilin iyun ayında beynəlxalq səviyyəli alimlərin iştirakı ilə üç günlük təlim kursu Bakıda baş tutub.

Avropa Nevrologiya Akademiyası artıq bir neçə müddətdir ki, internet səhifəsində təqvim ilinin hər ayını cəmiyyətlə aktiv əlaqədə olan ölkələrdən birinə həsr edərək, Ayın ölkəsi rubrikasını yaradıb. Son aylarda rubrika Almaniya, Polşa, Portuqaliya, Slovakiya, Belorusiya və s. kimi ölkələrin nevrologiyasına həsr edilib. Sentyabr ayı Azərbaycan üçün ayrılmış və məqalədə Azərbaycan mədəniyyəti, qısa olaraq görməli yerləri, mətbəxi və incəsənəti barədə məlumat verilib. Bundan başqa məqalədə Azərbaycan nevrologiyasının tarixi, ölkəmizdə nevrologiyanın vəziyyəti, tibb təhsili, rezidentura təhsili barədə qeyd edilib.

Məqalə Ə.Əliyev adına AzDHTİ-nun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Nevroloqlarının Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva və kafedranın assistenti t.ü.f.d. Rahim Əliyev tərəfindən hazırlanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı