Autizmli uşaqların laborator və funksional diaqnostik müayinələri icbari tibbi sığorta çərçivəsində qarşılana bilər
Bakı, 11 mart, Göyçək Mahmudlu, AZƏRTAC
İkinci ildir ki, ölkəmizdə bütün vətəndaşlar icbari tibbi sığortanın xidmətlərindən istifadə edə bilirlər. Uşaqlar da icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Ötən il icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin 27 faizindən 18 yaşadək uşaqlar yararlanıb. 2 min 268 əməliyyat məhz uşaqlar üzərində icra olunub. Onlardan 281-i ürək-damar cərrahiyyəsi, 141-i koxlear implantasiya əməliyyatlarıdır.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi planlama departamentinin, regional mərkəzlərlə iş şöbəsinin koordinatoru Mehparə Kazımova “Fərqli Fərdlər” konqresində çıxışı zamanı deyib.
M.Kazımova bildirib ki, statistikaya görə hər 160 uşaqdan birində autizm spektr pozuntusuna, onun müxtəlif tiplərinə rast gəlinir. Məhz həmin uşaqlar xüsusi psixoloji müalicəyə ehtiyac duyurlar. Onların reabilitasiya dövründə tibbi göstəriş əsasında laborator və funksional diaqnostik müayinələri icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində qarşılana bilər.
İTSDA-nın nümayəndəsinin sözlərinə görə uşaqların əlillik hallarının qarşısının alınması, yenidoğulmuşlar arasında anadangəlmə və irsi xəstəliklərin erkən aşkarlamaq məqsədilə ötən ildən başlayaraq ölkəmizin müxtəlif dövlət tibb müəssisələrində neonatal skrininq müayinələri aparılır. Ötən il ərzində 7 min 300 topuq testi aparılıb. Həmçinin keçən il agentlik tərəfindən uşaq sığınacaqlarında və ahıl şəxslər üçün sosial xidmət müəssisələrində müxtəlif tibbi müayinələr təşkil olunub. Tibbi aksiyalar zamanı müxtəlif ixtisaslardan olan həkimlər, cərrahlar, endokrinoloqlar, kardioloqlar həmin müəssisələrdə xüsusi qayğıya ehtiyacı olan şəxslərin müayinələrini həyata keçiriblər.