Autizmli uşaqlarda hiperaktivlik yaz və payız aylarında artır

Bakı, 1 aprel, Aytac Haqverdiyeva, AZƏRTAC

Aparılan tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyon nəfər autizm sindromundan əziyyət çəkir. Qeyri-rəsmi statistikaya əsasən, ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizm sindromludur və onların sayı artmaqda davam edir. Hər xəstəlikdə olduğu kimi autizmdə də erkən müdaxilə vacibdir. Bu səbəbdən valideynlər sindromla bağlı maariflənməli və xəstəliyin ilkin əlamətlərini bilməlidirlər. Xəstəliyin əlamətləri bəzən erkən yaşlarda müşahidə olunur və daha çox oğlan uşaqlarında rast gəlinir.

Aprelin 2-də qeyd olunan Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar AZƏRTAC “Yaşam” Psixoloji və Bərpa Mərkəzindən reportaj hazırlayıb. Yaşam” Psixoloji və Bərpa Mərkəzi 1,5 yaşından etibarən autizm sindromu müşahidə edilən uşaqları qəbul edir. Mərkəzin əsas fəaliyyəti – uşaqların sosial həyata uyğunlaşması, nitq qüsurları və davranış pozuntularının aradan qaldırılmasıdır. Burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.

Mərkəzin psixoloqu Kamilə Həsənova valideynlərin uşaqlarında sosial qarşılıqlı əlaqədə problem, təkrarlanan hərəkətlər, məhdud maraq, nitqdə gecikmə kimi əlamətlər müşahidə etdikləri zaman dərhal mütəxəssisə müraciət etməli olduqlarını deyib: “Hər bir autizmli uşaqda xəstəliklə bağlı müxtəlif əlamətlər olur. Biz bir simptomu bütün autizmli şəxslərə şamil edə bilmərik. Əlamətlər hamısı tez-tez, eyni anda yaranmır və simptomlar zamanla dəyişə bilir. Autizmli uşaqlarda fərqli xüsusiyyətlərin görülməsinin səbəblərindən biri də xəstəliyin şiddətdən yüngülə qədər bir çox formasının olmasıdır. Xəstəliyin bəzi formalarının gənc yaşda aşkarlanması çətindir. Şiddətli autistik simptomları olan uşaqlarda zehni geriləmə erkən nəzərə çarpır, epilepsiya, aqressiya və yuxusuzluq kimi əlavə problemlərə daha çox rast gəlinir. Ağır formada isə autizmi müşayiət edən digər xəstəliklər də olur. Mülayim autizmli uşaqlar düzgün müalicə, xüsusi təhsil ilə danışa, göz təması qura və normal təhsil ala bilərlər. Müalicədən sonra mülayim autizmli uşaqlar arasında danışan, gündəlik fəaliyyətlərini yerinə yetirə bilən, idmanla məşğul olan, hətta elmi dərəcələr əldə edənlər var. Ağır formalı autizm müşahidə edilən uşaqlarda isə əsas məqsədimiz onların müstəqil həyat tərzinə adaptasiyasına nail olmaqdır. Autizmin həmin formasından əziyyət çəkənlərdə qarşılıqlı şifahi və sözsüz münasibətlər, maraqlar və fəaliyyətlərdə çatışmazlıqlar müşahidə olunur. Əsas məsələ onların maraq dairəsinin yaradılmasını təmin etməkdir. Bu səbəbdən onları müxtəlif ekskursiyalara aparmaq, musiqi və uyğun olduqları idman növü ilə tanış etmək daha məsləhətlidir. Autizmli uşaqlarda davamlı xüsusi təhsil mütləqdir. Mərkəzdə idman, musiqi, loqoped və psixoloq dəstəyi olmaqla dörd əsas dərs növü var. Dərslərlə yanaşı, autizmli uşaqların sosiallaşması üçün həftə sonları onlar parklara aparılır, müxtəlif növ zehni oyunlara cəlb edilirlər”.

Psixoloqun sözlərinə görə, bəzi autizmli uşaqlarda qeydə alınan özlərinə zərərverən davranışlar, ətrafındakı insanlara qarşı zoraki hərəkətlər dərman müalicəsi lazım olacaq dərəcədə ciddi ola bilir. Bu səbəbdən erkən yaşlarda müşahidə edilən aqressiya və hiperaktivlik kimi hallar vaxtında müalicə edilməlidir.

Mərkəzin loqoped-defektoloqu Fatimə Kazımova kiçik yaşlardan etibarən autizmli uşaqlarda nitq pozulmasının müşahidə edildiyini deyib: “Bəzi hallarda onların nitqi ünsiyyət vasitəsi olmaq üçün inkişaf etmir. Autizmli uşaqlara öz adları ilə səsləndikdə baxmırlar və bu səbəbdən valideynlər tez-tez qulaq-burun-boğaz mütəxəssislərinə eşitmə problemi şübhəsi ilə bağlı müraciət edirlər. Uşaqların bəziləri ara-sıra güclü vurğular, yarımçıq səslər və ya vacib olmayan mövzularda fasiləsiz danışırlar. Bu kimi hallarda sözlərin tərkibindəki hər bir heca üçün ayrı dərslər keçilməsi vacibdir. Hazırda uşaqlar arasında sərbəst nağıl danışan, hətta şeir əzbərləyənlər də var. Autizmli uşaqların təxminən yarısı 5 yaşına qədər nitqlərini inkişaf etdirə bilmirlər. Müəyyən dərslərdən sonra bir çox autizmli şəxs işarə dili, yazı, şəkil lövhələri və kompüterlərlə ünsiyyət qura bilər. Yüngül autizmdən əziyyət çəkən uşaqlar 4-5 yaşlarında cümlələr qurub, öz fikirlərini ifadə edə bilirlər. Hazırda dünyada autizmin qəti diaqnozu üçün bioloji müayinə metodu hələ tapılmayıb. Həmin xəstəliyin diaqnozu autizm üçün tipik davranış nümunələri və mövcud funksional bacarıqlar müşahidə edilməklə qoyulur. Uşaqların müayinəsində ictimai münasibətlər, nitq, ünsiyyət, maraqlar və fəaliyyətlər daxil olmaqla idrak və davranış qiymətləndirməsi aparılır”.

“Yaşam” Psixoloji və Bərpa Mərkəzinin autizm üzrə türk mütəxəssis Güldeniz Metin övladı bu sindromdan əziyyət çəkən valideynlərin onları cəmiyyətdən uzaqlaşdırdığını deyib: “Autizmli uşaqlarda hiperaktivlik yaz və payız aylarında artır. Bu kimi hallarda onları cəmiyyətdən uzaq saxlamaq düzgün deyil. Autizmdə müalicə əsasən erkən diaqnoz, davranış üsulları və uşağın xüsusiyyətlərinə görə formalaşan xüsusi təhsil təcrübələrinə əsaslanır. Bundan əlavə, öyrənmə və danışma problemləri üçün terapiya tətbiq olunur. Dərman müalicəsi sosial münasibət və nitq kimi əsas simptomları dəyişdirmir, lakin hiperaktivlik, narahatlıq, depressiya, yuxu və yemək problemləri, özünə zərər verən davranışların qarşısının alınması baxımından faydalıdır.

Autizmli uşaqların idman-terapisti Türkan Tahirli 6 ildir ki, həmin problemdən əziyyət çəkən uşaqlar ilə işlədiyini bildirib. Onun sözlərinə görə, autizm və bir sıra inkişaf problemlərində, uşaq serebral iflici kimi nevropsixiatrik pozuntularda istifadə olunan idman terapiyası bu kimi uşaqlarda müşahidə olunan aşağı əzələ tonusu, tənəffüs problemləri və digər fiziki problemlərin bərpasında istifadə olunur. Fiziki terapiya növü olan idman terapiyası idmanın terapevtik istifadəsinə əsaslandığı üçün təkmilləşdirilmiş xüsusi proqramların tətbiqi ilə həyata keçirilir. Yaş qrupuna və problemlərin növünə görə fərqlənən həmin terapiya proqramları uşaqların gündəlik funksionallığını artırır. Fəaliyyət cədvəlləri ilə tətbiq olunan idman terapiyası uşaqların sərbəst şəkildə heç kimə ehtiyac duymadan idman bacarıqlarına yiyələnmələrinə səbəb olur. Eyni zamanda, autizmli uşaqlarda olan və valideynlərin ən çox əziyyət çəkdiyi hiperaktivliyin də həllidir.