Autizmli uşaqlar podiuma çıxıblar
“YARAT” Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi keçirilib. “Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzindən autizm sindromlu 20 uşaq podiuma çıxaraq yaz-yay kolleksiyasından geyimlər təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, “Autizm – fərqli və bizdən biri” adlı tədbir “Birgə və Sağlam” İctimai Birliyi və “Ümid var” xeyriyyə cəmiyyətinin təşkilatçılığı, “AS Qrup İnvestment” şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunub.
Tədbirdə “Autizm nədir?” sualına cavab axtarılması üçün müxtəlif qısametrajlı filmlər göstərilib, autizmi anladan bukletlər paylanılıb. Ətrafdakılardan anlayış, sevgi, qayğı və mərhəmət gözləyən uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından moda nümayişi mühüm əhəmiyyət kəsb edib.
Autizmli uşaqlar tədbir zamanı pianoda və xor şəklində müxtəlif mahnılar ifa edərək “Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışıblar.
Tədbirdə iştirak edən Əməkdar Artist Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər. Moda nümayişindən əldə olunan vəsait “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzində imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf ediləcəkdir.
“AS Qrup İnvestment” şirkətlər qrupu autizm sindromlu uşaqlara hədiyyələr bağışlayıb.