Autizm pozuntusuyla mübarizədə səylər birləşməlidir

İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda mərkəzin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, müxtəlif rayon və şəhərlərdən pediatrlar, psixo-nevroloqlar və psixoloqlar iştirak ediblər.

Tədbiri açan mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə autizmlə əlaqədar vəziyyət barədə məlumat verib, dövlət və qeyri-dövlət qurumlarının bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıb.

Seminarda ABŞ-dan dəvət olunmuş mütəxəssislər Marina Əzimova və Endi Sih autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklər, onun aradan qaldırılması yolları, türkiyəli mütəxəssis Canan Tanidir autizmli uşaqların valideynlərinin, yaxınlarının onlarla rəftarlarının reabilitasiya üçün mühüm əhəmiyyət daşıdığı barədə bəhs ediblər.

Mövzunun davamı olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Lider qadınlar” və “Birgə və sağlam” İctimai Birliklərinin dəstəyi ilə “Autizm spektrum pozuntusu” mövzusunda “dəyirmi masa” keçirilib.

Milli Məclisin deputatları, Tibb Universiteti, digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da çıxış edən mütəxəssislər autizmin reabilitasiyası sahəsində ölkəmizdə aparılan işlər barədə ətraflı məlumat veriblər,

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları Mətanət Qaraxanova və Mehriban Məmmədova bu sahədə həyata keçirilən tədbirlər, autizmli uşaqların cəmiyyətə inteqrasiyası sahəsində həkim, tibb işçiləri və valideynlərin rolundan danışıblar.

 

AZƏRTAC