ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri bir kiloqram çəki ilə doğulan körpəni ekstremal vəziyyətdən çıxarıblar

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri ekstremal dərəcədə azçəkili olan və sağlamlığında bir sıra problemlərlə doğulan körpəni müalicə ediblər. Bir kiloqram çəki ilə doğulan körpə bir aydan çox müalicə alıb. Kompleks müalicələr müsbət nəticə verib.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının sözlərinə görə, yenidoğulmuş süni tənəffüs cihazına qoşulub. Şöbə müdiri bildirib ki, körpənin ağciyərlərində kəskin respirator distress sindromu olduğundan o, nəfəs ala bilməyib. Onun ağciyərlərinin açılması üçün tədbirlər görülüb. Həmin körpə erkən neonatal dövrdə çox kritik günlər keçirib. Lakin universitetin peşəkar həkim kollektivi hesabına körpəni normal həyata qaytarmaq mümkün olub. Belə ki, neonatoloqların müayinəsi zamanı xəstədə dərin yarımçıq doğulmuş uşaqların xəstəliyi sayılan retinopatiya qeydə alınıb. Yarımçıq doğulmuş uşaqlar uzun müddət küvəzdə qaldıqlarına görə onların göz diblərində nevaskulyar-rubioz damarlar əmələ gəlir. Bu damarlar gözün tor qişasını sıradan çıxarır və qopardır. Körpə klinikanın retinoloqlarının nəzarətində olub.

Oftalmologiya kafedrasının həkimi Leyda Kazımova yarımçıq doğulmuş uşaqda arqon lazer əməliyyatını icra edib və körpənin görməsi bərpa olunub.

Körpədə, həmçinin malrotasiya – anadangəlmə bağırsaq problemi də olub. Klinikanın baş həkimi, uşaq cərrahı Ramiz Poluxovun sözlərinə görə, körpə dünyaya gəlişinin 31-ci günündə əməliyyat olunub. Qırx dəqiqə davam edən əməliyyat nəticəsində onikibarmaq bağırsağı sıxan ledd atmaları ayrılaraq bağırsağın keçiriciliyi bərpa edilib.

Hazırda körpə normal qidalanır, defekasiyası (nəcis ifrazı) qənaətbəxşdir, qusması isə yoxdur. Bir aydan çox davam edən kompleks müalicə nəticəsində uşaq ekstremal vəziyyətdən çıxarıla bilib. Körpənin valideynləri peşəkar yardıma görə klinikanın həkimlərinə minnətdarlıqlarını bildiriblər.