ATU əməkdaşları Avrasiya Pediatriya Zirvəsində ölkəmizi təmsil etdilər

25–28 sentyabr tarixlərində Türkiyənin Diyarbakır şəhərində keçirilən I Avrasiya Pediatriya Zirvəsi və V Şərqi Pediatriya Konqresində Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri də iştirak ediblər.

Beynəlxalq tədbirdə ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli peyvəndlərin sinir sistemi üzərində təsirlərinə dair maraqlı məruzə ilə çıxış edib. Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova isə “Peyvəndlə uşaq sağlamlığında körpülər qurmaq” mövzusunda panel müzakirəsinə həmsədr olub.

Dicle Universitetinin Konqres Mərkəzində keçirilən zirvəyə ABŞ, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kipr və İraq da daxil olmaqla 9 ölkədən ümumilikdə 2056 iştirakçı qatılıb.

Konqresin açılışında Şərqi Pediatriya Dərnəyinin sədri, professor Velat Şen uşaqların müdafiəsinin zəruriliyini vurğulayaraq beynəlxalq ictimaiyyəti uşaqlara qarşı zorakılığa son qoymağa çağırıb.

Tədbirin sonunda ATU əməkdaşlarına elmi töhfələrinə görə təşəkkür sertifikatları təqdim olunub. Həmçinin, təşkilatçılıq fəaliyyətinə görə Sağlıq Bilimləri Universiteti Özbəkistan nümayəndəsi, dosent Aynur Feyzioğlu da xüsusi plaketlə təltif edilib.