ATU- da “Həyatla oyun” tamaşası nümayiş olunub
Martın 14-də Azərbaycan Tibb Universitetində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” teatr tamaşası nümayiş olunub.
İlk öncə “Həyatla oyun” tamaşasına quruluş verən İntiqam Soltan qeyd edib ki, narkomanlıq yoluxucu xəstəlikdir və QİÇS-ə aparan dəhşətli bir yoldur: “Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur, müalicəsi çox çətin olan bu xəstəlik get-gedə yayılmaqdadır. Hal-hazırda narkotik ticarətçiliyi silah və neft alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Gənc nəsil onun törətdiyi faciələri daha dərindən dərk etsin deyə biz bu tamaşanı ərsəyə gətirdik. Ümidvaram ki, siz narkomaniya ilə mübarizəyə həsr olunan bu tamaşadan faydalanacaqsınız”.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında işçi qrupunun məsul nümayəndəsi Raqif Allahverdiyev narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini və cinayətkarlığın artmasına səbəb olduğunu söyləyib. O, tələbələrin “ağ ölüm”lə mübarizə aparmaları üçün göstərilən tamaşanın müsbət izlər qoyacağına da əmin olduğunu deyib.
R. Allahverdiyev bildirib ki, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran narkomaniya dünyada və elcə də ölkəmizdə sürətlə yayılır, bunun qarşısının alınması üçün müvafiq tərdbirlərin görülməsi zəruridir. Bu tamaşanın meydana gələməsi heç də təsadüfi deyil, əksinə dövrün tələbi səviyyəsindən irəli gələn bir acı reallıqdır.
Sonra Bakı Uşaq Teatrının aktyorları tərəfindən “Həyatla oyun” teatr tamaşası nümayiş olundu.
Tamaşada bir universitet tələbəsinin narkotikə düçar olduğu və bu bəlanın qurbanına çevrildiyindən ətraflı bəhs edilir. Əsər öz xarakter etibarilə gənclərin maddi- mənəvi həyatında və eləcə də fiziki sağlamlığında böyük rola malikdir. Tamaşa insanların bu faciəyə düşməməsi üçün maarifləndirimə məqsədi daşıyır.
Sonda universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bu tamaşanın nümayişinə görə Gənclər və İdman Nazirliyinə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına və eyni zamanda Bakı Uşaq Teatrının kollektivinə universitetin rəhbərliyi adından dərin minnətdarlığını bildirib. O, cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin zəruriliyini bir daha vurğulayıb, bu tamaşanın tələbələri maarifləndirməkdə və onların bu bəla ilə mübarizə işində daha qətiyyətli addımlar atmasında əhəmiyətli rolu olacağını diqqətə çatdırıb.