Atalıq məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır - Nazir müavini

Bakı. Trend:

Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı məsələ aktualdır. Artıq bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır və üst qurumlarla razılaşdırılmalıdır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

O qeyd edib ki, layihə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.