AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini noyabrın 7-də Binəqədi rayonunda yerləşən 276 saylı orta məktəbdə keçirib.

AQTA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ilk olaraq məktəblilərə agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Mən qidayam”, “Artıq şəkərin ziyanları” mövzularında videoçarxlar təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin əhəmiyyətindən danışılıb.

Sonra agentlik əməkdaşları tərəfindən “Beş addımda qida təhlükəsizliyi” mövzusunda təqdimat şagirdlərə nümayiş etdirilib. Görüş zamanı “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Qida məhsullarının risk dərəcəsinə görə qruplaşdırılması”, “Qida əlavələri” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Cari ilin sonunadək layihənin paytaxtın 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.