AQTA maarifləndirir: Quduzluq xəstəliyi və onun təhlükələri

Bakı, 12 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzu “Quduzluq xəstəliyi və onun təhlükələri” haqqındadır.

AQTA-dan AZƏRTAC-a bildirilib ki, quduzluq zoonoz infeksiyalardandır. Xəstəlik çox ağır əlamətlərlə xarakterizə olunur. Bütün növ istiqanlı heyvan və insanlarda mərkəzi sinir sisteminin ağır pozğunluqlarına – ensefalomielitə (baş və onurğa beynin iltihabı) səbəb olur.

Bu virus mənşəli xüsusi təhlükəli xəstəliyin inkubasiya dövrü 3 həftədən 3 aya qədər davam edə bilər. İnkubasiya müddətinin uzunluğu heyvanın insanı dişləmə nahiyəsindən, yaranın ölçü və dərinliyindən, həmçinin orqanizmə düşmüş tüpürcəyin miqdarından asılıdır. Dişlənmə nahiyəsinin baş-beyin sisteminə yaxın olması xəstəliyin inkubasion dövrünün qısalmasına təsir edən amillərdəndir.

Xəstəliyin gedişi 3 dövrə bölünür və hər dövrün özünəməxsus kliniki təzahürü mövcuddur. Prodromal dövrdə səsə qarşı həssaslığın artması, işıq və sudan qorxu kimi təzahürlər müşahidə olunur. Oyanıqlıq (qızğınlıq) dövründə coşqunluq, düşüncə pozğunluğu, əzələ titrəmələri, çeynəmə və udlaq əzələlərinin iflici, bəbəklərin kiçilməsi, sidik ifrazının tezləşməsi meydana çıxa bilər. Xəstəliyin iflic dövrü isə ağrı hissiyyatının azalması, qan dövranı və tənəffüs mərkəzinin fəaliyyətinin pozulması, bədən hərarətinin aşağı düşməsi ilə xarakterizə olunur və heyvanın tələf olması baş verir.

Xəstəliyə yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüyünə infeksiyalaşmış ağız suyunun dəyməsi ilə baş verir. Belə ki, quduz it, pişik və sair heyvanlar dəridə yara və ya sıyırtı olduqda, həmçinin selikli qişaları yaladıqda virus orqanizmə düşə bilər.

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir. Xəstəlik vaxtında müalicə edilməzsə, ölümlə nəticələnir.

İnsanlarda quduzluq xəstəliyinə yoluxma hidrofobiya (sudan qorxma), fotofobiya (işıqdan qorxma), psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir.

Heyvan dişləməsinə, cırmaqlamasına və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda ilk olaraq, yaranı və ya tamlığı pozulmuş dərini sabun və çoxlu təmiz su ilə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edilməlidir. Xatırladaq ki, dişləmiş it və pişik 10-12 gün müddətinə ərazinin baytar mütəxəssisinin nəzarətində olmalıdır.

Xəstəlikdən qorunmaq üçün ev heyvanlarının (it və pişik) quduzluğa qarşı peyvəndlənməsi şərtdir. Sahibsiz (küçə) it və pişiklərlə birbaşa təmas təhlükəlidir. Şübhəli heyvanlar (aqressiv davranan) təhlükə mənbəyidir və onları gördükdə baytar mütəxəssislərə dərhal məlumat verilməlidir.