Apteklərin səhv yazılmış resept əsasında dərman satmasına qadağa qoyuldu

Azərbaycanda apteklərdə əczaçıların səhv yazılan reseptlər əsasında dərman vasitələri satmasına qadağa qoyulub.

Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, aptek təşkilatlarının heyətinə olan yeni tələblərə əsasən, aptekdə çalışan provizor və əczaçılar reseptlərin yazılış qaydalarına fikir verməli, səhv yazılan reseptlər əsasında dərman vasitələrinin buraxılışını həyata keçirməməlidirlər. Onlar səhv yazılan reseptlər haqqında Səhiyyə Nazirliyinin müvafiq strukturlarına məlumat verməlidirlər.

Nazirlikdən bildirilib ki, reseptdə həkimin möhürü və ştamp olmalı, reseptdə dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı yazılmalıdır. Tərkibində 2-3 təsiredici maddəsi olan və bioloji oxşar olan dərman vasitələrinin beynəlxalq patentləşdirilmiş adı yazıla bilər. Reseptdə psixontrop dərman vasitəsinin adı yazılıbsa, orada başqa dərman vasitələrinin adı qeyd edilməməlidir. Əgər reseptdə psixontrop dərman vasitəsi ilə yanaşı, digər dərman vasitəsinin də adı qeyd edilibsə, onda apteklərdə resept qəbul edilməməlidir. Reseptdə həkim dərmanın adını səhv yazaraq, onun üstündən xətt çəkibsə, onda o, reseptin aşağı hissəsindən başqa, düzəliş etdiyi yerdə də imzasını qoymalıdır:

“Tövsiyə olunur ki, həkimlər resept yazarkən orada düzəliş etməsinlər. Amma əgər düzəliş ediblərsə, onda həkim orada mütləq düzəlişin onun tərəfindən edildiyini təsdiqləyən qol çəkməlidir. Apteklərə isə tövsiyə edilir ki, belə reseptlərə qarşı xüsusilə diqqətli olsunlar”.

 

Trend