Aprelin 23-dən 29-dək ölkəmizdə “İmmunlaşdırma həftəsi” keçiriləcəkdir

2006-cı ildən etibarən Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. Səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə ölkəmizdə də həmin tədbirin keçirilməsi barədə əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əmrdə bu il aprelin 23-dən 29-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

Həftə ərzində immunlaşdırmadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarda monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsi və s. məsələlər də əmrdə öz əksini tapıb.

 

AZƏRTAC