Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür

Hər il aprelin 11-də Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir. Həmin günün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, Ümumdünya mübarizə gününün tarixi təsadüfən seçilməyib: xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinson 1755-ci il aprelin 11-də doğulub. XIX əsrin əvvəllərində alim onu “titrəyən iflic” adlandırıb.

Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən – 40, hətta 35 yaşda da üzləşmək mümkündür.

Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrum olma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planetdə qocaların say çoxluğu ilə əlaqədar olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Onun öyrənilməsi sahəsində əldə edilən uğurlara baxmayaraq, təəssüf ki, tibb elmi onun müalicəsi üçün kifayət qədər səmərəli üsullara malik deyil. Əsas problem Parkinson xəstələrinin özlərinə qulluq edə bilməməsində və yaxınlarının, yaxud onlara qulluq edənlərin hazırlıqsızlığındadır. Bütün bunlar Parkinson xəstəliyini ictimai səhiyyənin vacib məsələlərindən birinə çevirir və ictimaiyyətin diqqətinin həmin xəstəliyə yönəldilməsi də elə bundan qaynaqlanır.

 

AZƏRTAC