Aprelin 11-i Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür
Hər il aprelin 11-də Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir.
Aztibb.az xəbər verir ki, həmin günün tarixi xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçısı Ceyms Parkinsonun 1755-ci il aprelin 11-də doğum günü ilə əlaqədardır. XIX əsrin əvvəllərində alim onu “titrəyən iflic” adlandırıb.
Parkinson Xəstəliyi ilə Mübarizə Gününün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.
Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən – 40, hətta 35 yaşda da üzləşmək mümkündür.
Xəstəliyin əsasını təşkil edən patoloji dəyişikliklər beyində inkişaf edir. Bu dəyişikliklər nəticəsində qara maddənin kompakt hissəsindəki dofaminergik neyronlar ya ölür, ya da zədələnir. Həmin hüceyrələr normada beyinə siqnalların ötürülməsini təmin edən “dofamin” adlı kimyəvi maddə hazırlayır.