Anadangəlmə ürək qüsuru olan körpələr üzərində aparılan əməliyyat onlara sağlamlıq bəxş edib
Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi altında aparılan anadangəlmə ürək qüsurundan əziyyət çəkən körpələr üzərində əməliyyat aparılıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, geniş mədəcikarası çəpərin qüsuru və ciddi ağciyər (pulmonar) hipertenziya ilə 2 və 4 aylıq uşaqlar üzərində icra edilən əməliyyat onları sağlamlığa qovuşdurub.
Əməliyyatın mürəkkəbliyi körpələrdə qüsura görə yaranan ciddi ağciyər arteriyasının hipertenziyası və bununla əlaqədar olaraq onların inkişafdan geri qalmağında idi. Adi, kiçik qüsurlardan fərqli olaraq, həmin patologiyaya vaxtında müdaxilə olunmasa, daha da böyüyərək ağciyər arteriyasında təzyiqin yüksəlməsinə, ürəkdə ciddi geriyədönməz dəyişikliklərə səbəb olur və bunun nəticəsində ürək çatışmazlığı əmələ gəlir.
Qüsur aradan qaldırılandan sonra körpələrin çəkisində artım müşahidə olunub və onlar tam sağlam şəkildə evə buraxılıblar.