Anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub. Əməliyyat Daun sindromlu, ürəyində iki qulaqcıq arası və bir geniş mədəcik arası çəpər qüsuru olan yeddi kiloqram çəkiyə malik 10 aylıq körpə üzərində aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əməliyyatı icra edən həkim, ATU -nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov universitetin mətbuat xidmətinə məlumat verib.
Cərrah bu qüsurun hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi və arakəsmənin açıq qalması səbəbindən yarandığını deyib: “Uşaq doğulduqdan sonra 10 ay pediatrik kardioloqun nəzarəti altında saxlanılıb. Sonra meydana çıxan ürək boşluqlarında genişlənmənin başlanması, təngnəfəslik və çəki azlığı səbəbindən əməliyyatın icrasına qərar verilib. İki saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenləşmiş qan geri qaytarılıb. Əvvəlcə uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında açılan kiçik bir kəsik vasitəsilə hər üç qüsuru bioloji materialla bərpa etdik. Sonra ürəyi yenidən çalışdırmağa başladıq. Əməliyyat uşağın süni ürək-ağciyər aparatından ayrılması ilə başa çatdı. Uşaq bir gecə reanimasiya şöbəsində, üç gün palatada nəzarət altında saxlanıldıqdan sonra evə buraxıldı”.
Həkim göyərmə, təngnəfəslik, yenidoğulmuşlarda qidalanma çətinliyi, çəki azlığı kimi əlamətlərin ürək qüsurlarının əlaməti ola biləcəyini deyib: “Bu cür hallar müşahidə olunduğu zaman uşaqlara ciddi yanaşılmalı və bu körpələr pediatrik kardioloji müayinədən keçirilməlidirlər. Bəzi ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə özünü büruzə verir. Odur ki, bütün uşaqların, xüsusilə də sindromlu olanların doğulduqdan sonrakı ilk günlərdə pediatrik kardioloqun müayinəsindən keçməsi zəruridir”.
Mənbə: https://azertag.az/xeber/Anadangelme_urek_qusuru_olan_korpe_ugurla_emeliyyat_olunub-1206886