Ana və uşaq sağlamlığının qorunması üçün müasir tibbi avadanlıqlar alınıb

Bakı, 14 aprel, AZƏRTAC

Ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıqlar, cihazlar və alətlər alınıb. Yeni alınmış tibbi avadanlıqlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, transabdomenal və transvaginal ginekoloji müayinələrin aparılması üçün 27 ədəd müasir ultrasəs cihazı alınıb. Bu müayinə metodlarından uşaqlıqdaxili poliplərin, mioma və törəmələrin aşkarlanmasında istifadə olunur. İcbari tibbi sığortanın təminatına daxil olan ginekoloji ultrasəs müayinəsi ilə bir çox xəstəlikləri müəyyən etmək mümkündür. Ginekoloji USM zamanı uşaqlıq, yumurtalıqlar, uşaqlıq boynu, borular və kiçik çanaq nahiyəsi müayinə edilir.

Hamiləliyin gedişatının izlənilməsi üçün alınan 9 ədəd üçölçülü (3D) USM cihazı isə dölün inkişaf etaplarının daha dəqiq görüntülənməsinə imkan verir. Bu müayinə metodu ilə hamiləliyin daha erkən mərhələlərində dölün fizioloji və patoloji inkişafı haqqında məlumat əldə edilir. İkiölçülü (2D) USM aparatlarından fərqli olaraq, innovativ müayinə metodu olan 3D USM texnologiyasının köməyi ilə müayinə edilən nahiyə daha dəqiq təsvir olunur, bu da müalicə həkiminin operativ qərarlar verməsini mümkün edir.

Bununla yanaşı, ana bətnində dölün ürək döyüntülərinə əsasən vəziyyətinin qiymətləndirilməsinə imkan verən 10 ədəd kardiotokoqrafiya (KTQ) cihazı alınıb. KTQ müayinəsi vasitəsilə, həmçinin bətndaxili oksigen çatışmazlığını (hipoksiya) və uşaqlığın tonusunu qiymətləndirmək mümkündür. Qeyd edilib ki, dölün kardiotokoqrafiyası hamiləliyin 28-ci həftəsindən sonra tibbi göstəriş əsasında aparılır.

Vaxtından əvvəl doğulmuş körpələrin saxlanılması üçün 50 ədəd inkubator (küvez) və 20 ədəd fototerapiya cihazı alınıb. Sensorlu panel vasitəsilə inkubatorlarda havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvezlər rentgen kasetlərlə təchiz edilib.

Fototerapiya cihazları yenidoğulmuşlarda hiperbilirubinemiyanın (neonatal sarılıq) səviyyəsini aşağı salmaq üçün istifadə edilir. Fototerapiya cihazları 430-490 nanometr dalğa uzunluğuna uyğun işıq yayan diod (LED) lampalarla təchiz edilib. Bu da müalicənin effektiv olması üçün əsas amillərdən biridir.

Vəziyyəti ağır olan vaxtından əvvəl doğulmuşların respirator terapiyası üçün isə 20 ədəd süni tənəffüs cihazı alınıb. Cihazlar yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etməklə onların həyatda qalması üçün nəzərdə tutulub.

Ginekoloji müayinələrin aparılması üçün 10 ədəd sadə və motorlu masa, 10 ədəd kolposkop, 20 ədəd müayinə lampası və 20 ədəd portativ lampa, uşaqların həzm sisteminin endoskopik müayinəsi üçün bir dəst pediatrikqastroskopiya cihazı alınıb.

Bunlardan əlavə, yeni alınmış 20 ədəd uşaq bələmə masası, 20 ədəd uşaq tərəzisi, yeni doğulmuşlar üçün 20 ədəd süni tənəffüs aparatı, 20 ədəd tərəzi, 10 ədəd elektrik mühərrikli pediatrikçarpayı, 50 ədəd beşik tipli çarpayısının perinatal mərkəzlərə və doğum evlərinə verilməsi planlaşdırılır.

Qeyd edilib ki, agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.

Avadanlıqların 2023-cü il TƏBİB tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub.