“Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə start verilib
Bakı, 14 avqust, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə start verilib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd ana olmağa hazırlaşan qadınların hamiləliyin ilkin vaxtlarında zəruri müayinələrdən keçmək, müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə məlumatlandırılması ilə yanaşı, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanmasıdır. Belə ki, qeyd olunan təşəbbüs çərçivəsində hamilə qadınlara hamiləlik dövrü üçün vacib məlumatları, sağlam həyat tərzi ilə bağlı vərdişlər və həkim məsləhətlərini özündə əks etdirən 25 SMS-lik maarifləndirmə paketi təqdim edilir. Layihənin sonunda həmin paketi almış hamilə qadınlardan bilik və vərdişlərində yaranmış dəyişikliklər üzrə telesorğu keçiriləcək.
SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, ölkənin aparıcı mobil operatorları korporativ sosial məsuliyyətləri çərçivəsində abonentlərinə göndərilən SMS-lərin xərclərini öz üzərlərinə götürməklə sözügedən layihəyə dəstək göstəriblər.