Ana südünün körpələrin immun sisteminin, mədə-bağırsaq sisteminin formalaşmasında əvəzsiz rolu vardır. Həkim Nərmin Əzizova

https://news.milli.az/society/1136319.html

4 Avqust 2023 15:06

Şəkildəki görüntü anaların övladlarına göstərdiyi qayğını və fədakarlığı simvolizə edir. Hər bir ana körpəsi üçün ən doğrusunu etməyə çalışır – sevgi, diqqət və düzgün qidalanma ilə.

İlk yeri təbii olaraq ana südü ilə əmizdirmə tutur. Ana südünün körpələrin immun sisteminin, mədə-bağırsaq sisteminin formalaşmasında əvəzsiz rolu vardır. Ana südü ilə qidalanma infeksiya, allergiya kimi xəstəliklərin rast gəlmə tezliyini azaldır. Danışıq problemi, şəkər xəstəliyi, diş çürükləri daha az müşahidə edilir. Əmizdirmənin ana üçün də faydaları vardır. Belə ki, əmizdirən analarda süd vəzi və yumurtalıq xərçəngi riskinin görülmə tezliyinin daha az olduğu müşahidə edilmişdir. Ona görə də analara körpələrinə ilk 6 ay yalnız ana südü vermələri, 6 aydan sonrakı dövrdə isə əlavə qidalarla bərabər ana südünü 2 yaşa qədər davam etdirmələri məsləhət görülür.

Süni qida ilə yedizdirilmə ana südünün olmadığı və ya kifayət qədər olmadığı dövrdə və ya bəzi metabolik xəstəliklərdə istifadə olunur. Ana südü əvəzolunmaz olsa da, süni qidalarda da körpənin normal fiziki və psixi inkişafı üçün lazım olan komponentlər vardır.

Vaxtından əvvəl doğulmuş körpələrdə, ana aktiv olaraq infeksiyadan (məsələn, COVID-19) əziyyət çəkdikdə ən yaxşı üsul ana südünün sağılaraq qidalandırılmasıdır.

Zondla qidalandırma: Xüsusən yenidoğulan dövrdə reanimasiyada uzun müddət qalan körpələrdə əmmə refleksinin formalaşması zaman ala bilər. Bu dövrdə körpələrin ən yaxşı qidalanma üsulu zond vasitəsilə həyata keçirilir.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il bu tarix ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu tədbirlərin keçirilməsində məqsəd – körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalanmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.

Nərmin Əzizova,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin əməkdaşı, Pediatriya.az saytının təsisçisi