Ana südü ilə qidalanmayan körpələr sətəlcəm, ishal və digər infeksiyalara daha həssasdır
Bakı, 20 fevral, AZƏRTAC
Yenidoğulmuşlar və körpələr üçün ən yaxşı qida ana südüdür. Ana südü körpələr üçün optimal qidalanmanı təmin edir. O, lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur. Bəzən analar körpələrini bu əvəzolunmaz qidadan məhrum edirlər.
AZƏRTAC Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu xəstəxananın Ginekologiya-doğum şöbəsinin yeni doğulmuşların intensiv terapiya bölməsinin həkim-neonatoloqu Azadə Əlişova deyib.
Neonatoloqun sözlərinə görə, ana südü körpənin virus və bakteriyalarla mübarizə aparmasına kömək edən anticisimlərlə zəngindir və bu, xüsusilə ilk süd olan kolostruma aiddir. Kolostrum yüksək miqdarda immunnoqlobulin A (IgA), eyni zamanda bir sıra digər anticisimləri təmin edir: “Ananın orqanizmi viruslara və bakteriyalara məruz qaldığı zaman südə daxil olan anticisimlər sintez etməyə başlayır. IgA körpənin burnunda, boğazında və həzm sistemində qoruyucu təbəqə əmələ gətirərək uşağı xəstələnməkdən qoruyur. Bütün ana olmağa hazırlaşan və yeni ana olan xanımlar bilməlidir ki, ana südü körpələr üçün ən ideal qidadır. Körpələrin sağlam inkişaf etməsi üçün Tanrının onlara bəxş etdiyi ilk və mühüm qidalarından məhrum etməyin”,- deyə həkim bildirib.
Neonatoloq eyni zamanda qeyd edib ki, ana südü ilə qidalanmayan körpələr sətəlcəm, ishal və digər infeksiyalara daha həssasdırlar.