AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyi kollegiyasının birgə elmi sessiyası keçiriləcək

Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edəcək. Sessiyada “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” məruzəsi ilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun məruzəsi dinləniləcək.

Sessiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin, AMEA-nın müxbir üzvü Nuru Bayramovun və tibb üzrə fəlsəfə doktoru Orxan İsayevin, Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun, Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun, akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun çıxışları gözlənilir.

 

AZƏRTAC