Alimlər saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlayıblar
Bakı, 24 avqust, AZƏRTAC
Elm adamları siçanlar üzərində apardıqları təcrübələrdə təkmilləşdirdikləri xüsusi kimyəvi maddə vasitəsilə xolestrolun səbəb olduğu saç tökülməsi və ağarmasının qarşısını almağı, o cümlədən baş dərisinin yaralarını sağaltmağı bacarıblar.
AZƏRTAC “Scientific Reports” dərgisinə istinadla xəbər verir ki, ABŞ-ın Cons Hopkins Universitetinin alimləri həmin kimyəvi maddə vasitəsilə bədəndə “qlikosifinqolipit” adlanan amin alkollarının istehsalına maneə törədiblər. Amin alkolları baş dərisində yağlanmaya səbəb olmaqla yanaşı, dəri və tük hüceyrələrinə mənfi təsir edir.
Maddənin inyeksiya edildiyi siçanlarda ağ tüklərin əvvəlki rənginə döndüyü, keçəlləşmənin dayandığı və dəri yaralanmalarının yaxşılaşdığı müşahidə edilib.
Siçanlar üzərində həyata keçirilən təcrübənin insanlara müsbət təsir edəcəyini demək üçün araşdırmaçılar daha çox tədqiqat aparmağa ehtiyac duyulduğunu qeyd ediblər. İstənilən nəticə əldə edilərsə, o zaman bu təcrübə keçəlləşmə, saç ağarması və dəri yaralarına qarşı dərman istehsalına yeni töhfə verə bilər.