Alimlər insanların niyə uşaqlıq xatirələrinin olmadığını izah ediblər
Bakı, 4 dekabr, AZƏRTAC
ABŞ-dan olan alimlər insanların həyatının erkən dövrlərində baş verən hadisələrlə bağlı yaddaşındakı boşluğu izah edən əsas məqamları açıqlayıblar.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, alimlərin fikrinə görə, xatirələrin saxlanması üçün zəruri olan mürəkkəb sinir strukturlarının formalaşması beyin qabığının və hipokampusun yetkinliyi ilə bağlıdır.
Erkən yaşda uşaqlar səsləri və hərəkətləri əlaqələndirməyə imkan verən semantik yaddaşa malik olsalar da, yalnız iki yaşdan sonra beyində hadisələrin müxtəlif aspektlərini birləşdirən və tam mənzərəni yaradan mürəkkəb sinir əlaqələri yaranmağa başlayır.
Eşitmə və vizual məlumatların emalı beynin müxtəlif nahiyələrində baş verir. Bu səbəbdən tam təsəvvür yaratmaq üçün epizodik yaddaşa cavabdeh olan hipokampus lazımdır.
Psixoloqlar əlavə edib ki, dörd yaşından kiçik uşaqlar epizodik yaddaşdan istifadə etməkdə çətinlik çəkə bilərlər. Bu da onları gündəlik həyatı üçün vacib olan semantik bilikləri öyrənməkdən yayındıra bilər.