Alimentlər barədə: sual-cavab. Yazı I

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ailədə hər iki valideyn uşaqlarını saxlamağa borcludur və bu zaman onlar tərəfindən uşaqlarını saxlamağın qayda və forması müstəqil müəyyən edilir. Lakin, müvafiq qanunvericilik valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsaitin, yəni alimentin valideynlərdən məhkəmə qaydasında tutulmasını nəzərdə tutur.

Sual: Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı nə qədərdir?

Cavab: 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı.

Sual: Bu payların miqdarı dəyişdirilə bilməz?

Cavab: Məhkəmələr tərəfindən dəyişdirilə bilər. Tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Sual: Valideynin hər hansı qazanc mənbəyi yoxdur. Heç bir yerdə işləmir. Qazancı olduqda da müntəzəm, daimi deyildir. Rəsmi iş yeri də yoxdur. Belə olan halda o, aliment öhdəliyindən azad olunur?

Cavab: Xeyr, azad olunmur. Uşaqlarını saxlamaq valideynlərin borcudur. Belə olduqda, Məhkəmələr alimentin sabit pul məbləğində tutulması barədə qərar çıxarır.

Sual: Sabit pul məbləği dedikdə nə başa düşülür?

Cavab: Uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmçinin Qanunvericilik alimentin eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi (hissələr yuxarıda ilk suala cavabda qeyd edilmişdir) müəyyən edilə bilər.

Sual: Sabit pul məbləğinin miqdarı nə qədərdir?

Cavab: Sabit pul məbləğinin miqdarı məhkəmələr tərəfindən  müəyyən olunur. Məhkəmələr tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Sual: Minimal və maksimal alimentin miqdarı nə qədərdir?

Cavab: Alimentin maksimal məbləği qeyd edilməmişdir. Məhkəmələr tərəfindən yuxarıda qeyd olunan amillər nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 2024-cü il 16 dekabr tarixli 96-VIIQ nömrəli Sərəncamına əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.