Akademik M. Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Sentyabrın 24-də Səhiyyə Nazirliyi və akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Aparatının və Səhiyyə Nazirliyinin rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.
Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev akademikin elmi nailiyyətlərini və “Analgezin” adlı kəşfinin əhəmiyyətini vurğulayıb. AMEA prezidenti İsa Həbibbəyli və Mərkəzin direktoru Rauf Ağayev alimin elmi məktəbi, kadr hazırlığı və ictimai fəaliyyətindən danışıb. Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri Yasemin Balaban da çıxış edib.
Tədbirdə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, direktorun elmi işlər üzrə müavini və həkim mütəxəssisləri də iştirak ediblər. Konfrans panel sessiyalarla davam edib və müxtəlif cərrahiyyə mövzularında məruzələr dinlənilib.





