Agentlik: TƏBİB əhaliyə tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq
Bakı. Trend:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışacaq.
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Prezident İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaradılması haqqında Fərman imzalayıb.
TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Fərmana əsasən TƏBİB-in fəaliyyətinə üç üzvdən ibarət İdarə Heyəti rəhbərlik və nəzarət edəcək. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini Agentliyin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir.
2020-ci ildən TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) təsisçisinin səlahiyyətlərini, idarə edilməsini və bu sahədə nəzarəti TƏBİB həyata keçirəcək.
TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsi Agentliyə tapşırılıb.
Agentlik bir ay müddətində TƏBİB-in nizamnaməsini, strukturunu təsdiq etməli, TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsini təsdiq etdikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməlidir.
“Tibbi sığorta haqqında” qanununa uyğun olaraq icbari tibbi sığorta (İTS) fondunun vəsaitinin idarə edilməsini və İTS üzrə sığortaolunan şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etmək, 2020-ci ildən etibarən İTS-nin ölkə üzrə tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, İTS çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması Agentliyə həvalə olunub. O cümlədən Agentlik İTS-nin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanması və digər məsələlərin icrası ilə bağlı tapşırıqları icra etməlidir.