Ağdaşda telesəhiyyə xidmətləri istifadəyə verilib
Bakı, 21 dekabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə çərçivəsində “Sphera Health Care AZ” şirkətinin dəstəyi ilə Ağdaş rayonunda telesəhiyyə xidmətlərini istifadəyə verib.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, telesəhiyyə xidmətləri çərçivəsində “Telefonla konsultasiya”, “Video konsultasiya”, “Yazılı konsultasiya” və “Teletibb” xidmətləri göstərilir.
“Telefonla konsultasiya” xidməti agentliyin 1542 nömrəli Çağrı Mərkəzi vasitəsilə göstəriləcək. Ağdaş sakinləri bu xidmət vasitəsilə ailə həkimi və pediatrlarla əlaqə saxlayaraq səhhətləri ilə əlaqədar onlara suallar verə bilərlər. Eyni zamanda, həkimlər tərəfindən instrumental və laborator müayinələrin nəticələri təhlil edilərək xüsusi müalicə protokollarına əsasən əks təsirsiz və allergik reaksiya göstərməyən dərman vasitələrinin istifadəsi haqqında pasiyentlərə tövsiyələr verilə bilər.
Bundan əlavə, Ağdaş sakinləri ailə həkimi və pediatrlarla “Video konsultasiya” və “Yazılı konsultasiya” xidmətləri vasitəsilə də əlaqə saxlaya bilərlər. Bu xidmətlərdən onlar veb-platformadan və ya planşetlərinə/smartfonlarına Play Market və ya App Store-dan “eSphera” və “eSphera Videocall” mobil tətbiqini yükləyərək faydalana bilərlər. Həmin tətbiqə daxil olmaq üçün istifadəçi yaşadığı ölkənin adını seçməli, elektron poçt ünvanını və şifrəni, şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. İstifadəçi əsas menyuda “Tibbi xidmətlər” bölməsinə keçdikdən sonra istədiyi xidməti (videozəng, yazılı konsultasiya və həkimlə danışın) seçməlidir. Videozəng xidmətinə daxil olaraq müraciətçi onunla əlaqə qurulması üçün uyğun tarix və saat seçməli, əlaqə nömrəsini və yaşadığı şəhəri göstərməlidir. “Video konsultasiya” vasitəsilə həkim pasiyentin ümumi vəziyyətini qiymətləndirə və onu narahat edən problemlərlə bağlı ilkin tibbi rəy verə bilər. Bu xidmət sakinlər üçün xəstəxanaya getməyi tələb etməyən xəstəliklərlə bağlı (psixosomatik xəstəliklər) xəstəxanada həkim qəbulunu gözləmədən onlardan məlumat almaq imkanı yaradır.
Yazılı konsultasiya üçün isə istifadəçi “Tibbi konsultasiya” bölməsinə daxil olaraq həkimlərə səhhətinə dair suallar ünvanlaya bilər.
Ətraflı müayinə olunmaq istəyən sakinlər üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasında “Teletibb” xidməti istifadəyə verilib. “Teletibb” otağı vasitəsilə Ağdaş sakinləri Bakıya getmədən həkim mütəxəssislərdən konsultasiya ala bilərlər. Buraya müraciət edən bütün sakinlər həftənin müəyyən günlərində təyin olunmuş cədvələ əsasən, xüsusi rəqəmsal avadanlıqla müayinə olunaraq mütəxəssislərin (kardioloq, infeksionist, ftiziatr, nefroloq, dermatoloq, onkoloq, pulmonoloq, psixoloq endokrinoloq) məsləhətlərini ala bilərlər. Beləliklə, məsafədən asılı olmayaraq aparılan müayinələrin nəticələri xüsusi proqram vasitəsilə həkimin kompüterinə yüklənir və o, məlumatları təhlil edərək tibb bacısına diaqnostik testlər aparmaq üçün müraciət edir, xəstəyə ilkin tibbi rəyini, müalicə variantlarını və ya məsləhətlərini verir.