Ad, ata adı və soyad yeni qaydada dəyişdiriləcək
Bakı. Trend:
Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydası dəyişir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Hazırda isə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.