35 yaşı keçmiş bütün xanımların mammoqrafiya müayinəsindən keçmələri mütləqdir

Süd vəzisi xərçəngi digər orqanlarda əmələ gələn bədxassəli şişlərə nisbətən çox yavaş inkişaf edir. Belə ki, süd vəzisində nəzarətdən çıxan bir hüceyrə təxminən 7-10 il ərzində 1 kub santimetr böyüklüyündə kütlə yarada bilər. Bu səbəbdən erkən və mütəmadi aparılan müayinələr daha düzgün diaqnoz və effektiv müalicə deməkdir. Bunun üçün ən etibarlı üsul mammoqrafiya müayinəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu Günel Qəmbərova universitetin mətbuat xidmətinə məlumat verib.

Qadınların ilk olaraq nəyə diqqət etmələri haqqında danışan həkim bildirib: “Mammoqrafiya –süd vəzilərinin müayinəsinin çox kiçik miqdarda aparılan rentgenoloji üsuldur. Bu səbəbdən şikayətin olub–olmamasından asılı olmayaraq, 35 yaşı keçmiş bütün xanımların bu müayinədən keçmələri mütləqdir. Hazırda ATU-nun Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən, rəqəmsal, kiçik və böyük ölçülü süd vəzilərinin müayinəsinin aparılmasına imkan verən, mammoqrafiya müayinəsini aparmaq üçün avadanlıq fəaliyyət göstərir. Bu avadanlıq vasitəsilə patologiyanın olub-olmamasının müəyyən etmək mümkündür”.

Mammoloq-radioloq onu da qeyd edib ki, süd vəzilərinin USM və mammoqrafiya bir-birini tamamlayan üsullardır: “Burda bir məqam əsasdır. Təcrübələr göstərib ki, süd vəzinin stroması piy toxuması ilə zəngin olduqda ultrasəs dalğaları 1 santimetrdən kiçik patologiyanı görməyə bilər. Lakin mammoqrafiya müayinəsi mikroölçülərlə kiçik patologiyanı aşkarlayır. Bu isə süd vəzidə hansısa bir dəyişikliyi 8-12 il əvvəldən görməyə kömək edir. Məhz bu səbəbdən, bu gün dünyada süd vəzinin müayinəsində mammoqrafiya əsas üsul hesab edilir”.

 

AZƏRTAC