29 sentyabr Beynəlxalq Ürək Günüdür
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-u Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə 1999-cu ildə Beynəlxalq Ürək Günü kimi qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsə qoşulublar.
AZƏRTAC xəbər verir ki, 2011-ci ildən etibarən hər il sentyabrın 29-da Beynəlxalq Ürək Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.
Bu əlamətdar günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ümumdünya Ürək Günü “Həyat üçün ürək” şüarı altında keçirilir.
Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və həmin xəstəlik hər il milyonlarla xəstənin həyatına son qoyur. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır. Mütəxəssislərin fikrincə, ürək-damar xəstəliklərinin profilaktikasına aşağı yaşlardan başlamaq lazımdır, çünki ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəb uşaq və yeniyetmə yaşlarında formalaşan qeyri-sağlam həyat tərzidir.
Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaqla infarkt və insult nəticəsində baş verən erkən ölümlərin qarşısını almaq mümkündür.