237 gəncin təhsil haqqı ödənilib

Azərbaycan Gənclər Fondu 2018-ci ildə bir qrant müsabiqəsi keçirib və nəticədə gənclərin 270, gənclər təşkilatlarının isə 91 layihəsi maliyyələşdirilib.

Modern.az xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib. F.Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib.

İcraçı direktorun sözlərinə görə, 2018-ci ildə Fondun fəaliyyət sahəsi bir qədər genişləndirilib.

“2018-ci ildə Fond gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı da müsabiqə keçirib. Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib.

Fonda 724 müraciət daxil olub və bu günə qədər də davam edir.

F.Cəfərov bildirib ki, bu ilin iyun-avqust ayları ərzində yenidən müsabiqə elan ediləcək və bu il ən azı əvvəlkindən 2 dəfə çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur.