2050-ci ilə qədər dünyada 843 milyon insanın bel ağrısı problemindən əziyyət çəkəcəyi müəyyənləşib

Bakı, 9 avqust, AZƏRTAC

Belin aşağı nahiyəsində yaranan ağrı dünyada əlilliyin əsas səbəblərindən biri hesab olunur və 600 milyondan çox insan həmin problemdən əziyyət çəkir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, aparılan yeni bir tədqiqat bel ağrısının qlobal yükünü ölkə, il, yaş, cins və ağrının şiddətinə görə qiymətləndirib. Araşdırmanın nəticələrində bel ağrısının son üç onillikdə əlilliyin bir nömrəli səbəbi olduğu və 2050-ci ilə qədər dünyada 843 milyon insanın bu problemdən əziyyət çəkəcəyi müəyyənləşib.

Tədqiqat müəllifləri qeyd ediblər ki, insan onurğasının anatomik mürəkkəbliyi sadə diaqnostikalarla müəyyən edilə bilməz. Piylənmə, tütün məhsullarından istifadə, hərəkətsizlik kimi qlobal problemlər həll edildiyi təqdirdə, bel ağrısı şikayəti 39 faiz azala bilər. Siqaret çəkmək disklər və oynaqlar kimi onurğa strukturlarının mikrosirkulyasiyasının pozulması, həmçinin sümüklərin zəifləməsinə səbəb olur. Eyni zamanda, fiziki hərəkətsizlik, piylənmə və yuxusuzluq kimi digər xəstəliklərin yaranması ilə əlaqələndirilir. Sözügedən problemlər bel ağrısı riskinin artması ilə nəticələnir. Bioloji, sosial və psixoloji faktorlar da daxil olmaqla, bel ağrısına bir çox amillər təsir göstərir. Bel ağrısı xəstəliyinə qadınlarda daha çox rast gəlinir.

Qeyd edək ki, tədqiqatın nəticələri “The Lancet Rheumatology” jurnalında dərc edilib.