Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi davam etdirilir
Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi 364 284 nəfər müayinədən keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya açıqlama verib.
O bildirib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb: “Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub”.
Direktorun sözlərinə görə, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib: “Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”.