Baş pediatrdan önəmli məsləhətlər

Son günlər ölkədə uşaqlar arasında infeksion xəstəliklərinin artması və paytaxt xəstəxanalarında bu üzdən sıxlığın yaranması ilə bağlı məlumatlar yayılıb. Oxucuların Lent.az-a verdiyi məlumata görə, hətta Bakıxanov qəsəbəsində yerləşən tibb müəssisələrindən birinə eyni anda 40-dək uşaq gətirilib.

Yayılan xəbərlərlə bağlı informasiyanın düzgün olub-olmadığını əsas mənbədən öyrənmək üçün  Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevlə əlaqə saxladıq. İnstitutun direktoru Lent.az-a açıqlamasında bildirib ki, nə paytaxtda, nə də bölgələrdə infeksiyalarla bağlı təhlükəli durum yoxdur:

“Özüm də özəl tibb mərkəzlərinin birində çalışıram. Daim xəstələrlə sıx təmasdayam. Hazırda infeksiyalarla bağlı təhlükəli durum yoxdur. Yay mövsümünə, iyul ayına xarakterik hansı xəstəliklər mövcuddursa, biz onları müşahidə edirik. Müşahidələrim əsasında deyə bilərəm ki, xüsusi təhlükəli infeksiya, epidemiya ilə qarşılaşmamışıq. Bakıxanov qəsəbəsindəki səhiyyə ocağında xüsusi halın baş verməsi ilə bağlı nə bizə müraciət daxil olub, nə də belə bir halla qarşılaşmışıq”.

Nəsib Quliyev onu da bildirib ki, yay dövrünün özünə xas infeksiya xəstəlikləri olub. Amma həmin xəstəliklər xüsusi risk qrupuna daxil olan infeksiyalara aid deyil: “Yay mövsümündə mədə-bağırsaq infeksiyaları həmişə olub. İsti iqlim, qidaların tez xarab olması ehtimalı daha böyükdür. Günvurma hallarına tez-tez rast gəlirik. Yayda qızdırmalı xəstəliklər də sıx şəkildə müşahidə edilir. Biz tibbdə ona hipertermiya deyirik. Çünki bizi əhatə edən mühitin temperaturu bəzən bədənin hərarətindən də yüksək olur. Baş verən xəstəliklər də əsasən bu hallardan qaynaqlanır. Ölkədə təhlükəli infeksiyanın yayılması ilə bağlı dolaşan xəbərlər kimlərinsə  şayiəsi və ya subyektiv fikri ola bilər. Hazırda ölkədə mövsümi göstəricilərdən kənar heç nə baş vermir. Biz buna əks olan bir durumu müşahidə etməmişik”.

Bəs anomal istilər hansısa infeksion xəstəliklər yarada bilərmi?

Nəsib Quliyev bu amili də qismən inkar edir. Deyir ki, iyulun əvvəllərində müşahidə olunan  üç günlük anomal istidən başqa digər günlərdəki hərarət mövsüm normalarına uyğundur: “Bizi əhatə edən mühitdə anomal istilərin olması daha çox uşaqlar və yaşlı adamlar üçün risklidir. Təzyiqi, şəkəri yüksək olan insanlar bu cür havalarda ehtiyatlı olmalıdırlar”.

N. Quliyev bildirib ki, yay mövsümündə azyaşlıların tez-tez xəstələnməməsi üçün bəzi tövsiyələrə cidi əməl etmək lazımdır: “Ana südü ilə qidalanan uşaqları yay mövsümü boyunca döşdən ayırmaq olmaz. Bu müddət ərzində həmin körpələr üçün əlavə qidalara başlamaq da yolverilməzdir. Payıza qədər ana südü davam etməlidir. 1 yaşından yuxarı olan uşaqlara öz yaş dövrünə uyğun qidalar vermək lazımdır. Böyüklərin qəbul etdiyi qidaları yay mövsümündə uşaqlara vermək olmaz. Böyüklər istirahətə gedirlər, tutaq ki, özləri kabab yeyir, 1 yaşlı uşağa da ondan yedizdirmək istəyirlər. Bu cür hallara qətiyyən yol vermək olmaz. Uşaqlara köhnəlmiş, istidə, gün altında qalmış, vaxtı keçmiş qidalar da verilməməlidir. Valideynlər və yaşlı insanlar azyaşlıları qorumalıdır. Yay mövsümündə uşaqlara verilən meyvələr də təmiz olmalıdır. Yuyulmalıdır. Yetişmiş meyvə verilməlidir. Kal meyvə verməklə də uşaqlar çox tez xəstələnə bilir”.

Pediatr deyib ki, yay mövsümündə uşaqlar günəş və qum vannası qəbul etməlidirlər. Yaz-yay mövsümü uşaqların orqanizminin möhkəmləndirilməsi üçün gözəl fürsətdir: “Hətta azyaşlı uşaqları mütəmadi dəniz kənarına aparmaq lazımdır ki, onlar qışda az xəstələnsin. Amma saat 11-ə qədər… 11:00-dan 17:00-a qədər körpələrin və uşaqların dəniz kənarına aparılması heç cür məsləhət görülmür.  Külək olmayan, icazə verilmiş çimərliklərə bir yaşına qədər, hətta 2 aylıq uşaqları da aparmaq olar. Dəniz kənarının uşaqlar üçün ancaq xeyri var”.

 

Lent.az