Xroniki böyrək xəstəliyi boy qısalığına səbəb olurmu?

Xroniki böyrək xəstəliyi (CKD) olan uşaqlarda boy qısalığı tez-tez görülür.

Böyrəklər orqanizmin inkişafında xüsusi rol oynadığı üçün funksiyasını yerinə yetirə bilmədikdə həm çəkidən həm də boydan geri qalmaya səbəb olur.

Aztibb.az-a müsahibəsində uşaq endokrinoloqu Aygün Musayeva böyrəklərin kalsium mübadiləsində, qan yaranmada, toksik maddələrin bədəndən atılmasında, eyni zamanda lazımlı elementlərin bədənə geri qaytarılmasında mühüm rol oynadığını bildirib.

Xroniki böyrək xəstəliklərində bu orqan funksiyalarını düzgün yerinə yetirə bilmədiyi üçün uşaq orqanizminin böyüməsi, inkişafı zəifləyir və dayanır.

Xüsusən 2 yaşdan erkən yaranmış CKD uşaqlara daha çox təsir edir.

Dünya üzrə olduğu kimi ölkəmizdə də CKD ilə bağlı boy qısalığı yaranmış uşaqlara böyümə hormonu təyin edilərək boy qısalığı aradan qaldırılır.

Müalicə zamanı somatotropin (böyümə hormonu) həkim tərəfindən hər bir uşağa fərdi dozada (yanaşı xəstəlikləri nəzərə alınaraq) təyin edilir.