Xatırlanan və xatırlanmayan yuxular

Bakı, 8 aprel, AZƏRTAC

Yuxuların yarısı səsli, yarısı isə səssiz film kimidir, şüuraltına yeriyir, uzun gecələrin şirin röyasına çevrilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Yuxular gün ərzində, ümumiyyətlə keçirdiyimiz stres, travma və gərginliyin yatan zaman şüuraltında ona verilən cavab reaksiyalarıdır, yəni heç bir yuxu gələcəkdən bəhs etmir. Sadəcə bəzən real həyatda həll olunmayan problemlər gecə yatarkən, bütün bədənin rahatlandığı zaman beyin öz işini davam etdirir və yuxuda bir sıra problemləri həll etməyə başlayır”.

Çox vaxt yuxuda görülənləri xatırlamaq çətin olur. Bu, bəlkə də ortaq problemdir, gecə görülən yuxular səhər oyananda yaddan çıxır. Mütəxəssislər bunun səbəbləri olduğunu bildirirlər. “Yuxular beyin fəaliyyətinin ən güclü zamanında bir hormondan asılı olaraq – noradrenalinin azalması nəticəsində görülür. Bəzən yatıb yuxu görməməyin səbəbi qanda noradrenalinin yüksəlməsidir. Yuxu iki hissədən ibarətdir. Həmin hissələr göz hərəkətlərinə görə adlanır. Yuxu zamanında müəyyən aralıqda gözlər tez-tez qırpılmaya və göz yuvalarına doğru hərəkət etməyə başlayar və bunu REM mərhələsi adlandırırlar. NREM mərhələsində isə göz qapaqlarının hərəkəti baş vermir, həmin mərhələ təxminən 90 dəqiqə ərzində baş verir və sonra REM mərhələsinə girir” , – deyə psixoloq izah edib.

Araşdırmalar göstərir ki, gerçək həyatda başvermə ehtimalı az olan vəziyyətlərlə əlaqədar görülən yuxuların sonradan xatırlanması mümkün deyil. Y.Əsgərova deyib ki, adətən 80 faiz hallarda REM mərhələsində görülən yuxular xatırlanır, 10 faiz hallarda isə NREM mərhələsində görülən yuxular xatırlanır. Hansı mərhələdə oyanmaqdan asılı olaraq yuxuların xatırlanma prosesi daha yüksək olur”.

Deyirlər ki, ətirlər yuxunu idarə edə bilir. Ona görə də yastığa lavanda və qızılgül yağı damcılatmaq yuxunu xoş və şirin edə bilər.