Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Təbabətin Aktual Problemləri – 2018” elmi-praktik konfransı keçirilib.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, Azərbaycan xalqı daim müstəqillik uğrunda mübarizə aparıb, bu yolda çoxlu qurbanlar verib. O, vətənimizin azadlığı uğrunda gedən proseslərdə həkimlərin də həmişə ön cərgədə olduğunu qeyd edib. Professor vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkədə yaratdığı əlverişli şərait, sabitlik, iqtisadi inkişaf sosial sahələrin, o cümlədən ATU-nun inkişafına güclü təkan verib. Dövlətin xüsusi qayğısı nəticəsində bu istiqamətdə işlər davam etdirilir.
Konfransın plenar sessiyasında “Mikroorqanizmlər arasındakı qarşılıqlı münasibətin yeni formasının öyrənilməsi”, “Urolitiazın müasir müalicəsində laparoskopik ureterolitimiyanın yeri”, “Rəqəmsal cərrahiyyə. Təsəvvürün reallaşması”, “Güclü tərəflər və çətinliklər anketinin Azərbaycan versiyasının validasiyası” mövzusunda geniş məruzələr dinlənilib. Konfransın panel sessiyalarında da Düz bağırsağın bədxassəli törəmələrində icra edilmiş total mezorektal eksiziyanın nəticələri, Kəskin əməliyyatdan sonrakı pankreatit və irinli ağırlaşmalar, Təkrari və mürəkkəb tiroidektomiyalarda qayıdan qırtlaq sinirinin qorunması, uşaqlarda residiv verən kriptorxizm xəstəliyi zamanı birləşdirici toxuma displaziyasının rolu və digər aktual mövzularla bağlı məruzə və müzakirələr aparılıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidməti