Vaxtından əvvəl doğulmuşlar nə deməkdir?

Vaxtından əvvəl doğulmuşlar nə deməkdir?

Vaxtından qabaq doğulma körpələrin gözlənilən tarixdən minimum 3 həftə əvvəl doğulması deməkdir.

Yəni bu, hamiləliyin 37-ci həftədən əvvəl qurtarması və körpənin doğulması deməkdir. Yarana biləcək ağırlaşmalar və tibbi problemlər körpədən körpəyə dəyişir. Amma, körpə nə qədər tez doğularsa ağırlaşmalar daha da çox müşahidə edilir. Vaxtından əvvəl doğulmalar aşağıdakı kimi qruplara bölünür:

  • 34-36 həftə arasında doğulan körpələr. Bu körpələr “gec vaxtından qabaq doğulanlar” sayılır.
  • 32-34 həftə arasında doğulan körpələr. Bu körpələr “orta vaxtından qabaq doğulanlar” sayılır.
  • 32 həftədən əvvəl doğulan doğulanlar. Bu körpələr “erkən vaxtından qabaq doğulanlar” sayılır. . Bu körpələrdə tibbi problemlər görülmə riski çox yüksəkdir.

Vaxtından qabaq doğulan körpələrdə müşahidə edilən xüsusiyyətlər hansılardır?

Vaxtından qabaq doğulan körpələrdə müşahidə edilən xüsusiyyətlər çox müxtəlifdir. Bəzi körpələrdə çox yüngül problemlər olduğu halda bəzilərində çox ağır problemlər müşahidə edilir.

Ağır problemlərin əsas qismi aşağıdakılardır:

  • Bədənin kiçik olmasına baxmayaraq başın mütənasib olmayan böyüklüyü;
  • Piy qatı tam formalaşmadığına görə kəskin görünüşlü cizgilərin olması;
  • Bütün bədəni əhatə edən və “lanugo” adı verilən incə sarı tüklər;
  • Bədən temperaturunun aşağı olması;
  • Tənginəfəslik və ya tənəffüs çatışmazlığı;
  • Əmmə və udma reflekslərinin olmaması və ya çatışmazlıq.

Vaxtından qabaq doğulan körpələr həkim nəzarəti altında olmalıdır. Çünki, doğuşdan sonra əlavə qidalanmaya və dəstəyə ehtiyacları ola bilər.

Vaxtından qabaq doğulan körpələrdə görülə bilən ağırlaşmalar:

Əsasən körpə nə qədər vaxtından qabaq doğularsa həmin körpələrdə ağırlaşmaların müşahidə edilməsi riski bir o qədər də artır. Burada doğuş çəkisinin də əhəmiyyəti vacibdir. Bəzi problemlər doğuşdan etibarən müşahidə oluna bilinər. Bəzi problemlər isə daha sonrakı dövürlərdə müşahidə edilə bilinər.  Əsasən ilk həftələrdə  vaxtından qabaq doğulanlarda müşahidə edilən ağırlaşmalar aşağıdakılardır:

  • Tənəffüs problemləri;
  • Ürək-damar problemləri;
  • Beyin qanaması;
  • Bədən temperaturunun stabil saxlanmasında olan problemlər;
  • Həzm sistemində müşahidə edilən problemlər;
  • Qansızlıq və sarılıq;
  • Qan şəkərinin aşağı olması. Hipoglisemiya;
  • İmmun sistemində zəiflik və yoluxucu xəstəliklərə meyillilik.

Vaxtından qabaq doğulan körpələrdə həyatın sonrakı dövrlərində müşahidə edilən ağırlaşmalar aşağıdakılardır:

  • Serebral iflic;
  • Öyrənməyə çətinlik çəkməsi;
  • Görmə problemləri;
  • Eşitmə ilə bağlı problemlər;
  • Diş problemləri: Vaxtından qabaq doğulan körpələrdə dişlərin gec çıxması, dişlərdə rəng dəyişikliyi və sıralamada problemlər rast gəlinə bilinər;
  • Psixoloji və davranış problemləri;
  • Xronik sağlamlıq problemləri: Vaxtından qabaq doğulan körpələrdə astma, qidalanma, metabolizm problemləri müşahidə edilə bilinər.

Vaxtından qabaq doğulan körpələrdə aparılması vacib olan testlər:

Vaxtından qabaq doğulan körpələrdə bəzi testlər rutin olaraq aparılır. Digərləri ağırlaşmalara uyğun olaraq həkimlər tərəfindən təyin olunur:

  • Tənəffüs və ürək monitorizasiyası. Vaxtından qabaq doğulan körpələrdə tənəffüs və ürək monitorizasiyası aparılmalıdır. Tez-tez qan təzyiqi ölçülməlidir;
  • Qan testləri aparılmalıdır. Həkimlərin təyinatına uyğun olaraq ehtiyac olan testlər aparılacaqdır;
  • Körpələrin ürək funksiyalarını kontrol etmək üçün ürəyin ultrasəs müayinəsi aparılmalıdır;
  • Ultrasəs müayinəsi. Beyində qanama və ya maye toplanıb-toplanmadığı öyrənilməlidir. Daxili orqanlarda, məsələn, qaraciyər, böyrəklərdə olacaq problemləri müəyyən etmək üçün ultrasəs müayinəsi də aparılmalıdır;
  • Eşitmə testi aparılmalıdır;
  • Göz müayinəsi. Torlu qişada ola biləcək problemləri əvvəlcədən müayinə edilərək müəyyən edilməlidir.

Vaxtından qabaq doğulan körpələrdə nə vaxt təxirəsalınmadan həkimə mütləq müraciət edilməlidir?

  • Əgər körpənin qidalanması yaxşı deyilsə və bu proses 30 dəqiqədən uzun müddət davam edirsə;
  • Düzəldilmiş yaşı 1-2 ay olmağına baxmayaraq hələ də körpəniz süst vəziyyətdədirsə;
  • Qol və ayaqlarında sərtlik varsa və bədənini geri atırsa;
  • Başını bir tərəfə çevirməyi üstünlük verirsə;
  • Düzəldilmiş 3 ayında hələ də başını saxlaya və ya əllərini birləşdirə bilmirsə;
  • Bədənin bir tərəfini digərinə görə daha çox hərəkət etdirirsə.

“Düzəldilmiş yaş” nə deməkdir?

“Düzəldilmiş yaş” körpənizin doğulduğu hamiləlik həftəsi ilə yaşadığı həftəni toplayıb doğulması gözlənilən həftəni çıxartmaqla hesablanır. “Düzəldilmiş yaşı” bilmək vacibdir. Çünki, uşağınızın psixi və fiziki inkişafı bu yaşa görə dəyərləndiriləcəkdir. 2-3 yaşına qədər bu istifadə olunacaqdır.

“Düzəldilmiş yaş” dedikdə hamiləliyin normal həftəsi 40-cı həftə baza olaraq nəzərə alınır.

Məsələn: 30-cu hamiləlik həftəsində doğulan uşaqda, doğuşdan 20 həftə keçmişdirsə düzəlmiş yaşı hesabladıqda:  30 (hamiləlik həftəsi)+ 20 (uşağın həyatda olduğu həftə) = 50 həftə – 40 (normal hamiləlik həftəsi) = 10 həftə uşağın düzəldilmiş yaşıdır. Deməli, bu körpə təqvim olaraq 20 həftəlik, yəni 5 aylıq ola bilər amma bütün fiziki və psixi inkişafı 10 həftəyə yəni 2.5 aya uyğun olaraq baxılmalıdır.

Vaxtından qabaq doğulan körpələrdə həkimlər tərəfinədn rutin müşahidə vaxtları:

  • Xəstəxanadan çıxdıqdan sonra 7-10 gün daxilində;
  • Düzəldilmiş 40 həftə və ya 1 ayında;
  • İlk 3 ayda ən azı bir dəfə;
  • 6, 9, 12,18 və 24 aylarında;
  • 3 yaş, 5/6 yaş və 12 yaşda.

 

Nərmin Əzizova

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

həkim-mütəxəssisi və dissertanı