ÜST: Yoxsul ölkələrdə yüz minlərlə xərçəng xəstəsi olan uşağın müalicəsi əlçatmazdır
Bakı, 27 iyul, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, aşağı və orta gəlirli ölkələrdə xərçəng diaqnozu qoyulmuş yüz minlərlə uşaq üçün müalicə əlçatmazdır və bu, onların sağ qalma şanslarını ciddi şəkildə məhdudlaşdırır.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi həftəlik mətbuat brifinqində deyib ki, aşağı gəlirli ölkələrin yalnız dörddəbiri uşaq xərçəngi dərmanlarını ictimai imtiyazlar vasitəsilə təqdim edir. O əlavə edib: “Bu, uşaqları və ailələri əhəmiyyətli əzablara və maddi sıxıntılara məruz qoyur, həmçinin onların keyfiyyətsiz və saxta dərmanlar almaq riskini daha da artırır. Nəticədə, bu ölkələrdə uşaqların sağ qalma səviyyəsi yüksək gəlirli ölkələrdəki həmyaşıdları ilə müqayisədə 30 faizdən də azdır. Halbuki, inkişaf etmiş ölkələrdə azyaşlılar arasında xərçəngin yayılması 90 faiz azdır”.
ÜST problemin həllinə kömək etmək üçün 2018-ci ildə ABŞ-da yerləşən Sant Cyud Uşaq Araşdırma Xəstəxanası tərəfindən dəstəklənən, leykemiya və digər xərçəng növlərinin müalicəsinə töhfə verən qeyri-kommersiya uşaq müalicə və tədqiqat müəssisəsi ilə birlikdə uşaq xərçəngi üzrə Qlobal Təşəbbüsə start verib. Bu proqramda 2030-cu ilə qədər aşağı və orta gəlirli ölkələrdə uşaqlarda ən azı 60 faiz sağ qalma səviyyəsini təmin etmək, diqqəti azyaşlılarda ən çox aşkar edilən altı xərçəng növünə yönəltmək nəzərdə tutulub.
ÜST-nin Baş direktoru əlavə edib ki, bununla yanaşı, 2021-ci ilin dekabrında uşaq xərçəngi dərmanlarına çıxışı yaxşılaşdırmaq üçün qlobal proqrama da start verilib. Onun sözlərinə görə, xərçəng dərmanları ÜST-nin Əsas Dərmanlar Siyahısı və Uşaqlar üçün Əsas Dərmanlar Siyahısının ən son versiyasına əlavə edilib. “Yeni siyahılara dağınıq skleroz, yoluxucu xəstəliklər və ürək-damar xəstəliklərinin müalicəsi üçün vacib yeni dərmanlar da daxildir. Bu müalicələr aşağı və orta gəlirli ölkələrin səhiyyə büdcələrinə xələl gətirmədən qlobal miqyasda ictimai sağlamlığa çox böyük təsir göstərə bilər”, -deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.