ÜST: Avropa regionunda 1,2 milyon uşaq təcili peyvəndlənməlidir
Bakı, 23 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun məlumatına görə, Avropa regionunda 2023-cü ildə qızılca yoluxmalarının sayı kəskin artıb, bu isə milyonlarla insanı təhlükəyə məruz qoyur.
AZƏRTAC ÜST-yə istinadla xəbər verir ki, ötən il Avropanın və Mərkəzi Asiyanın 53 ölkəsindən 41-də 58 mindən çox qızılca yoluxması minlərlə insanın xəstəxanaya yatırılması və onlarca insanın ölümü ilə nəticələnib.
2023-cü il ərzində son məlumatlar əvvəlki üç il ilə müqayisədə qızılca yoluxmalarının sürətlə artmasını əks etdirir. Regionun bu xəstəlikdən peyvənd olunmayan bütün sakinləri təhlükə altındadır. Təşkilatın ekspertləri təsdiqləyirlər ki, 2024-cü ildə qızılcaya yoluxmanın artmasının aradan qaldırılması üzrə ardıcıl işlər aparmaq lazımdır.
Qızılcaya yoluxma hallarının təxminən yarısı 5 yaşınadək uşaqlar arasında qeydə alınıb ki, bu da COVID-19 pandemiyasının səhiyyə sisteminə, o cümlədən immunlaşdırma xidmətlərinə əhəmiyyətli dərəcədə təsirini göstərir. Söhbət ondan gedir ki, çoxlu sayda uşaq qızılca və digər xəstəliklər əleyhinə planlı peyvəndləri ötürməli olublar.
ÜST-nin regional direktoru Hans Klugenin sözlərinə görə, Avropa regionunda səhiyyə sistemləri ötürülən işlərin əvəzini çıxmalı və təcili surətdə 1,2 milyon uşağı peyvənd etdirməlidir. Kluge əlavə edib ki, bununla yanaşı planlı immunlaşdırmanı davam etmək lazımdır.
ÜST-də hesab edirlər ki, bütün dünyada qızılcaya yoluxmaların artımı nəzərə alınarsa, infeksiyanın xaricdən gətirilməsi riski praktiki olaraq qaçılmazdır. Bu problemlə üzləşən bütün üzv dövlətlər artıq epidemioloji nəzarəti gücləndirib və immunlaşdırma üzrə səyləri aktivləşdiriblər.
Qızılca dünyada ən yoluxucu xəstəliklərdən biridir ki, yoluxmuş insan tərəfindən nəfəs alanda, öskürəndə və asqıranda yayılır. Virus havada və ya səthlərdə iki saat ərzində yoluxucu qalır.
İnfeksiyaya immuniteti olmayan hər kəs yoluxa bilər. Xəstəliyin daha sezilən əlaməti səpgidir, ağırlaşmalara isə korluq, ensefalit, qulaq infeksiyaları, sətəlcəm, eləcə də güclü diareya və onunla əlaqəli susuzlaşdırma aid edilə bilər.
Peyvənd olunmayan kiçik yaşlı uşaqlar və hamilə qadınlar xəstəliyin kəskin ağırlaşmalarına daha çox məruz qalırlar. Qızılca immun sistemini də zəiflədir, orqanizm digər yayılan xəstəliklərdən müdafiəni itirir, nəticədə uşaqlar həmin xəstəliklərə qarşı zəif olurlar.