Uşaqların normal yuxusunu pozan səbəblər
Bakı, 30 aprel, AZƏRTAC
Düzgün yuxu rejimi uşaqların sağlam böyüməsində əsas faktorlardan biridir. Yuxunun vaxtı balacaların yaş kateqoriyasından asılı olaraq dəyişir. Yeni doğulan körpələr üçün gün ərzində 20-22 saat yuxu normal hesab olunur.
Yaya doğru yaxınlaşdıqca bəzi uşaqlarda yuxu rejiminin pozulması müşahidə edilir. Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Yayın gəlişi ilə əlaqədar olaraq valideynlər həm uşaqların iştahının azalması, tərləmənin artması və yuxularının narahatlığından şikayətlənirlər. Uşağın yuxusuna təsir göstərən bir sıra səbəblər var. Günün uzanması ilə əlaqədar uşaqların aktiv oyunlarla məşğul olması onlarda sinir oyanıqlığına səbəb olur və bu, onların yuxusunu pozur. Həmin uşaqlar yuxuya çox gec gedirlər”.
Uşaqların yatdığı otaqların sərin olması da vacib şərtlərdən biridir. Bundan başqa bəzi valideynlər övladlarını gündüz saatlarında yatmağa məcbur edirlər. Mütəxəssislər isə bunun yanlış olduğunu bildirirlər. Uşaqların yuxu rejimini normaya salmaq üçün yatmazdan əvvəl onların məşğuliyyətlərinə və oyunlarına fikir vermək də lazımdır.
“Aktiv oyunlar yuxudan ən azı 4-5 saat əvvəl dayandırılmalıdr. Bundan sonra 2 saat yuxu hazırlığına vaxt sərf olunarsa, uşaqlar vaxtında yuxuya gedəcək. Uşaqlar saat 10, ən uzağı 11-in yarısından gec yatmamalıdır, çünki bu, onların həm immun sistemi, həm fiziki inkişafı və iştahına çox yaxşı təsir edir”,- deyə həkim-pediatr bildirib.
Bəzən də valideynlər problemin həllini yuxu dərmanlarından istifadə etməkdə görürlər. Həkimlər isə həmin preparatların uşaqların zehni inkişafına mənfi təsir göstərdiyini deyirlər.