Uşaqlarda Bağırsaq Qurd Xəstəlikləri. Həkim Nərmin Əzizova

Bağırsaq parazitar infeksiyaları çirkli su, qida və ya əl yolu ilə bədənə daxil olan mikroskopik orqanizmlər tərəfindən törədilən xəstəliklərdir. Bu parazitlər bəzən heç bir əlamət vermədən yaşaya bilir, lakin bir çox hallarda uşaqlarda ciddi əlamətlərə və sağlamlıq problemlərinə səbəb olur.

Ümumdünya Statistikası

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə dünyada 1.5 milyarddan çox insan (dünya əhalisinin 24%-i) torpaq yolu ilə ötürülən helmintlərlə (bağırsaq qurdları) yoluxmuşdur. Bu infeksiyaların ən çox təsir etdiyi qrup isə uşaqlardır, xüsusilə də gigiyena və sanitariya qaydalarına əməl olunmayan ölkələrdə.

ÜST məlumatlarına əsasən:

  • 267 milyon məktəbəqədər568 milyon məktəbyaşlı uşaq bağırsaq parazitlərinin geniş yayıldığı bölgələrdə yaşayır.
  • Bu infeksiyalar qanazlığı, qidalanma pozğunluğu və zəif idrak inkişafına səbəb ola bilər.

Uşaqlarda ən çox görülən əlamətlər

  • Təkrarlayan qarın ağrıları
  • Qarında köp və qaz yığılması
  • Davamlı olmayan ishal və yumşaq nəcisləmə
  • Anus nahiyəsində qaşınma
  • Gecələr diş qıcırtma və tüpürcək axması
  • Çəkidə azalma və ya inkişafdan geri qalma
  • Səhərlər ürək bulanma və ağız qoxusu
  • İştahasızlıq və ya qeyri-adi çox yemək istəyi
  • Dəridə qaşınma və səpgilər

Diaqnoz necə qoyulur?

  • Nəcis analizi: İlk analizdə parazit aşkar edilməzsə, test 3 dəfə təkrarlana bilər.
  • Qıl qurdu üçün şəffaf lentlə anus ətrafından nümunə götürülərək mikroskop altında araşdırılır.
  • Bəzi hallarda valideynlər nəcisdə qurd gördükdə bu belə müalicəyə başlamaq üçün kifayətdir.

Qorunma: əsas gigiyena qaydaları

  • Uşaqlara mütəmadi əllərini yumaq öyrədilməlidir
  • Dırnaqlar mütəmadi kəsilməlidir
  • Çiy meyvə və tərəvəzlər yaxşıca yuyulmalıdır
  • İçməli suyun təmizliyinə diqqət edilməlidir
  • Ətlər yaxşı bişirilməlidir
  • Alt paltarlar və yataq dəsmalları isti suda yuyulub ütülənməlidir
  • Oyuncaqlar və ümumi istifadə olunan səthlər tez-tez təmizlənməlidir
  • Uşaqların istifadə etdiyi sanitar qovşaqlar nəzarətdə saxlanmalıdır

Müalicə

Parazitin növünə uyğun dərman müalicəsi yalnız həkim tərəfindən təyin olunmalıdır. Əksər hallarda bütün ailə üzvlərinin müalicə alması məsləhət görülür, çünki infeksiya evdə asanlıqla yayıla bilər.

Xalq təbabəti və özbaşına müalicə haqqında

Uşaqlarda qurd xəstəliyini xalq təbabəti ilə və ya sosial şəbəkələrdə eşidilən naməlum üsullarla müalicə etməyə cəhd etmək düzgün deyil. Hər zaman mütəxəssis həkimlə məsləhətləşmək vacibdir.

Nərmin Əzizova, Pediatriya.az saytının təsisçisi