Uşaqları viruslardan qorumağın YOLLARI
Havalar soyuyan kimi uşaqlarda daha çox rast gəlinən qrip, zökəm, bronxit, sinusit, faringit kimi xəstəliklərin qarşısını almaq, eləcə də daha yüngül keçirmələrini təmin etmək mümkündür.
e-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, uşaq xəstəlikləri uzmanı Elif Pınar Çakır bununla bağlı bir sıra vacib tövsiyələr verib.
Pediatr bildirib ki, hər şeydən əvvəl uşaqları mövsümə uyğun geyindirmək lazımdır. Üşüməkdən qorumaq lazımdır, amma qalın geyimlər geyindirib tərləməyə imkan vermək olmaz. Çünki tərləmədən sonra bədəndə soyuma, üşümə yaranır.
Uşaqların həddən artıq qalın geyindirilməsi, qapalı yerlərdə daha çox saxlanması xəstəliklərin yaranmasına zəmin olur. Qışda infeksiyaların daha çox yayılması qapalı yerlərdə olma hallarının artması və infeksiyaların soyuq mühitdə daha tez yayılması ilə bağlıdır. Onun sözlərinə görə, uşaqlar üşüdüklərinə görə yox, bu viruslar qışda artdığı üçün xəstələnirlər.
Südəmər uşaqları valideynlərin geyindiyindən bir qat artıq, daha böyük uşaqları isə eyni qalınlıqda geyindirmək lazımdır.
Körpələri xəstəliklərdən qorumaq üçün ana südü ilə qidalandırmaq lazımdır, çünki bu, infeksiyalara qarşı qoruyucudur. Ana südü ilə qidalanan uşaqların immun sisteminin daha güclü olduğu isbatlanıb.
Uşaqları peyvəndlərdən yayındırmaq olmaz. İnfeksiyalara daha tez yoluxmaq baxımından risk qrupuna daxil olan uşaqlar isə bundan əlavə, pediatr məsləhəti ilə qrip peyvəndi də olunmalıdır.
Uşaqlara daha çox faydalı, təbii qidalar, A və C vitamini, sinklə zəngin olan məhsullar verilməlidir. Balıq, qırmızı ət, qatıq, yumurta uşaqların menyusunda mütləq olmalıdır.
Uşaqlara turşu da verilməlidir. Amma duzlu qidaları 1 yaşdan sonra vermək daha məqsədəuyğun sayılır.
Uşaqların normal yuxusuna diqqət etmək lazımdır. Yuxu rejimi normal olan körpələr xəstəliklərə qarşı daha dözümlü olurlar.
Azyaşlılara əl yuma vərdişləri aşılamaq lazımdır. Qışda xəstəliklərdən əsas qorunma yollarından biri də budur. Uşaqlara ən azı 20 saniyə sabunla əlləri yumaq öyrədilməlidir və bu, gün ərzində tez-tez təkrarlanmalıdır. Onlar bilməlidir ki, əlləri yumadan göz, ağız, buruna vurmaq olmaz.
Otaqlarda nəmliyə də diqqət etmək vacibdir. Quru hava nəfəs yollarında olan mikrobları zərərsizləşdirən hissəciklərin normal çalışmasını əngəlləyir. Ona görə də uşaqlar olan otaqlarda qızdırıcıların üzərinə su dolu qablar qoymaq tövsiyə edilir.
Xəstələnən uşaqları məktəbə, bağçaya göndərmək olmaz. Bu, xəstəliyin daha da yayılmasının, digərlərinin yoluxmasının qarşısını alır.
Uşaqların çirkli, qapalı, soyuq, eləcə də havasız yerlərdə uzun zaman qalmasına imkan vermək olmaz. Otaqların havasını tez-tez dəyişmək lazımdır. Xəstə olan, öskürən, asqıran şəxslərin uşaqla təmasda olmasının qarşısı alınmalıdır.
e-tibb.az