Uşaqlarda yumurta allergiyası: Nə etmək lazımdır?
“Uşaq və körpələrdə ən çox qarşılaşdığımız allergiya növlərindən biri də yumurtaya qarşı olan allergiyadır. Allergiyanın səbəbi yumurtanın tərkibində olan bəzi maddələrdir”.
Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.
Pediatr deyib ki, bu maddələrə qarşı bədənin reaksiyası nəticəsində allergik şikayətlər yaranır: “Bu şikayətlər yüngül formadan şiddətli formaya doğru arta bilər. Şikayətlər yumurtanı yedikdən dərhal sonra yaranarsa, bu allergiyanın daha şiddətli olduğunu göstərir. Əgər şikayətlər yavaş-yavaş artarsa, bu allergiyanın yüngül formasına işarədir. Allergik şikayətlər ağız ətrafındakı yüngül qızarıqlıqdan tutmuş bütün bədəndə olan qızarıqlıq, qabarıqlıq, şişmə, qaşıntı, dodaqların şişməsi, təngnəfəsliyə qədər ola bilər. Yumurta allergiyası diaqnozunu qoymaq üçün xüsusi analizlər edilərək orqanizmin yumurtaya qarşı olan həssaslığı yoxlanılmalıdır. Bu analizlərin edilə bilinmədiyi hallarda isə yumurtanın hər dəfə istifadəsi zamanı şikayətlərin yaranması və yumurtanın kəsilməsi zamanı isə şikayətlərin aradan qalxması ilə diaqnoz qoyula bilər”.
Bəs bunun müalicəsi varmı?
Həkim təəssüflə qeyd edib ki, allergik xəstəliklərin tam köklü (yəni birdəfəlik) müalicəsi yoxdur: “ Burada vurğulamaq istədiyim bir xüsus da var ki, bəzən bu xəstələrə allergiyanın müalicəsi məqsədi ilə çoxlu sayda güclü dərmanlar verilir. Bu doğru deyildir. Uşaqlara bu ağır dərmanları verməkdənsə, allergiya səbəbini ortadan qaldırmaq daha doğrudur. Yəni yumurtanı qida rasionunuzdan çıxartsanız bütün şikayətlər ortadan qalxacaqdır. Digər tərəfdən də yumurta allergiyası adətən iki yaşa qədər olan uşaqlarda rast gəlinir və iki yaşdan sonra da tədricən azalaraq öz-özünə aradan gedir. Ona görə də uşağınızın iki yaşına qədər yumurta və tərkibində yumurta olan qidalardan uzaq durmasını təmin edin”.
e-tibb.az