Uşaqlarda, qadınlarda, hamilələrdə ən çox rast gəlinən problem

Aparılmış araşdırmaların nəticələrinə görə, Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.

e-tibb.az APA-ya istinadən xəbər verir ki, bunu  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri qadınlar arasında isə bu göstəricilərin daha yüksək olduğunu vurğulayıb: “Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir”.

Q. Təhməzli deyib ki, bu gün dünya əhalisinin üçdə bir hissəsində mikronutriyent çatışmazlıqları var.

Onun sözlərinə görə, mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur: “Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya görə, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun – qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir”.

Agentlik sədri bildirib ki, hazırda ölkəmizdə bu problemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır.

e-tibb.az