Uşaqlarda öd kisəsi daşlarının əlamətləri və diaqnozu
Öd kisəsi daşları uşaqlarda böyüklərə nisbətən az rast gəlinir. Əsasən 3 səbəbi vardır: İdiopatik (səbəbi məlum olmayan), hemolitik, non-hemolitik.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin uşaqlarda öd kisəsi daşlarının əlamətləri və diaqnozu barədə məlumat verərkən deyib.
Şəbnəm Topbaştekin qeyd edib ki, əgər öd daşı olan uşaqda heç bir şikayət yoxdursa, müəyyən vaxt yalnız izlənilir. Əks halda isə xolesistektomiya adlandırılan, öd daşının tamamilə çıxarılması əməliyyatı icra olunur.
Radioloqun sözlərinə görə, risk faktorlarına piylənmə, ailə daxilində öd daşının olması, bəzi dərman preparatlarının qəbulu aiddir:
“Öd kisəsi daşı olan uşaqlarda şikayət olmaya da bilər. Şikayətlər olduqda isə əlamətlər ani başlayır. Ağrılar qəfildən qarında başlayır və getdikcə qarının sağ üst hissəsinə yayılır, eyni zamanda, sağ kürək sümüyünə lokalizasiya edir. Kiçik yaşlı uşaqlar ağrının yerini dəqiq göstərə bilməsə də, böyük yaşlı uşaqlar göstərə bilir. Ağrı yağlı yeməklərdən sonra daha çox olur, müəyyən vaxtdan sonra keçsə belə yenidən təkrarlana bilər. Əgər daş axarı tutub hərəkət etmirsə, bu zaman kəskin ağrılarla yanaşı uşaqda qızdırma, ürəkbulanma, qusma və sarılıq ola bilər”.
Həkim bildirib ki, öd kisəsi xəstəliklərinin digər növləri kimi öd daşlarının da diaqnozunda ultrasəs müayinəsinin istifadəsi geniş yayılmışdır. Bundan başqa, qarın rentgeni, maqnit-rezonans xolangiopankreatoqrafiya və ya endoskopik retroqrad pankreatoqrafiya kimi metodlardan da istifadə edilir.