Uşaqlarda ləkələr nəyin əlamətidir?

e-tibb.az

Valideynləri narahat edən əsas problemlərdən biri də uşaqlarda ləkələr əmələ gəlməsidir. E-tibb.az -ın oxucusu “Facebook” səhifəmiz vasitəsi ilə bizə sual ünvanlayaraq, uşaqların ayaqlarında yaranan ləkələrin səbəbi ilə maraqlanıb. Bununla əlaqədar bir neçə həkim-mütəxəssisin rəyini öyrənmişik.

ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti Sara Mansurava valideynin ləkə adlandırdığı problemin bir çox səbəbdən qaynaqlana biləcəyini deyir: “Ləkələrə, əsasən, yeni doğulan uşaqlarda rast gəlinir. Əgər uşağın ayağında rəngli və ya qismən rəngsiz hissə görünürsə, bu, mütləq nəzarətdə saxlanılmalıdır. Valideyn əsas fikir verməlidir ki, bu ləkələr böyüyür, ya yox? Əgər ləkə tünd bənövşəyi və ya tünd qırmızı rəngdədirsə, onların üstünə barmaqla basıb yoxlasınlar. Baxsınlar ki, ləkə itirmi və sonra tezliklə bərpa olunurmu? Çünki bu ləkə genişlənmiş kapillyarlarla və ya damar patologiyası ilə bağlı ola bilər. Belə vəziyyətdə valideyn təşvişə düşüb dəri həkiminə qaçmasın. Özü bir müddət müşahidə aparsın”.

Həkim bu müşahidəni necə aparmağı da izah edir: “Əvvəlcə adi şəffaf kağız və ya sellofan torbalardan bir parça kəsilir və bu parça ləkə olan bölgəyə qoyulur. Adi qələmlə bu ləkəni parçanın üzərinə çəkmək lazımdır. Və hər həftə yoxlanılmalıdır ki, ləkənin ölçüsü böyüyüb, ya yox? Əgər ləkə böyüyürsə, tündləşirsə və ya üstündə qabıqlanma, qızartı, digər törəmələr əmələ gəlirsə, bu zaman narahatlıq üçün ciddi əsas yaranır. Bu halda mütləq həkimə müraciət etməlidirlər. Əks halda, yəni ləkə olduğu kimi qalırsa və ya kiçilirsə, valideyn gözləmə mövqeyində qalsın. Çox vaxt ləkələr öz-özünə keçir”.

Həkim onu da qeyd edir ki, bir qədər böyük uşaqlarda da ləkələr müşahidə olunur və bunun müxtəlif səbəbləri ola bilər: “Qanla bağlı problemlərdən də ləkələr meydana gəlir. Ümumiyyətlə, səpki formasında yaranan ləkələrin hər birinin arxasında başqa xəstəliyin dayanması mümkündür. Uşaqlarda səpkilər, qansızma, qançırlara da ləkə formasında rast gəlmək olar. Bundan başqa, əzilmə kimi görünən tünd yaşıl, göy rəngdə olan ləkələr də var. Bir daha deyirəm ki, bunlar müxtəlif xəstəliklərin fonunda olur. İnfeksion xəstəliklərin çoxunda da ləkələr əmələ gəlir. Hətta leykoz xəstəliyinin özü də ayaqda səpkilər verə bilir”.

Dermatoloq, uzman həkim Lalə Cahangirova isə bildirir ki, uşaqların və körpələrin dərisi çox yumşaq və çox həssasdır, buna görə də dermatoloji xəstəliklərə çox rast gəlinir. Bu xəstəliklərin çoxu da, ilk növbədə, ləkə formasında müşahidə edilir. Həkim bu xəstəliklərin bir neçəsi barədə məlumat verib: “Məsələn, bişməcələr. Xalq arasında bişməcə kimi bilinsə də, bu problemin adı ammonia dermatiddir. Əslində, bu rahatsızlığa, demək olar ki, hər uşaqda rast gəlinir. Körpə nəcisində yer alan bakteriyalar və sidikdə olan amonyak bişməcənin yaranmasına səbəb olur”.

Həkim deyir ki, bu problemin yaranma riskini azaltmaq üçün körpələrin bezini tez-tez dəyişmək lazımdır, dəri təmiz və quru saxlanılmalı, sürtünməni əngəlləmək üçün geniş və rahat geyimlərdən istifadə edilməlidir. Eyni zamanda kremlərdən və PH dərəcəsi körpələrin həssas dərilərinə uyğun olan yağlardan istifadə etməklə bişməcənin qarşısını almaq olar.

Lalə Cahangirova digər ləkə problemi – atopik dermatitin əlamətlərindən də danışıb: “Bir neçə həftəlik körpələrdə tez-tez rast gəlinən bu dəri xəstəliyi quru dərinin üzərində qırmızı qabartılar şəklində ortaya çıxır. Qaşıntının təsiri ilə atopik dermatit, allergik xəstəliklər arasında yer alır. 5 yaşından kiçik uşaqlarda daha çox rast gəlinən bu xəstəlik, genetik səbəblərdən ortaya çıxa bilər. Eyni zamanda qida, heyvan və ev tozuna qarşı həssaslıq zamanı da özünü büruzə verir. Qulaq arxasında çatlamalar, dəri quruluğu, qaşıntı kimi əlamətləri olan atopik dermatit, tərləmə ilə şiddətlə artan, bədəndə yayılan xəstəlikdir. Bu xəstəliyin yaranmaması üçün allergik körpələrin və uşaqların tərləməsinin qarşısını almaq lazımdır. İsti günlərdə hava keçirən pambıqdan və incə paltarların geyindirilməsinə diqqət edilməlidir”.

Uşaqlarda rast gəlinən digər ləkə şəklində dəri problemi isə “monqol ləkəsi” adlanır. Bu, bel və büzdüm nahiyəsində doğuşdan yaranan boz-bənövşəyi rəngdə olan ləkədir. Həkim deyir ki, Asiya irqlərində çox görünən monqol ləkəsinin monqolluq ilə heç bir əlaqəsi yoxdur: “Qızlarda və oğlanlarda eyni dərəcədə rastlanan bu ləkələr 2 il içərisində öz-özünə solub gedir”.

Onun sözlərinə gərə, qırmızı damar ləkələri də valideynləri ciddi narahat edir: “Hər yeni doğulan körpədə bu ləkələr olur. Göz qapağı, qaş arası və ağız ətrafı kimi həssas bölgələrdə görünən bu qırmızı ləkələr dəri altında yer alan qan damarlarının böyüyərək üzə çıxması ilə yaranır. İlk yaşdan etibarən azalan və zaman içində yox olan bu ləkələrlə bağlı çox nadir hallarda dermatoloqun müdaxiləsinə ehtiyac yaranır”.

Dermatoloq onu da bildirir ki, dəri quruluğu da bəzi ləkələrin əmələ gəlməsinə səbəb olur. Körpələrdə və uşaqlarda görünən dəri quruluğunu genetik faktorlara da izah edirlər. Həkim deyir ki, ailədə allergiyalara meyllilik varsa, bu xəstəliklə bağlı risk olduqca yüksəlir.

Bundan başqa, seboreya və sızanaqların yaratdığı ləkələri də unutmaq olmaz. Bunlar isə yağ ifrazı ilə bağlı, yağ vəzilərinin çox aktiv olmasından əmələ gəlir: “Dəri, qırmızı və pul-pul səpkili hal alır. Bu səpkilər, əsasən, qaş, saçlı dəri və qulaq arxaları kimi nahiyələrdə görünür. Burun, yanaqlar və çənədə ucu ağ nöqtələr şəklində sızanaqlar da ortaya çıxır. 4-5 aylıq körpələrdə bu hal öz-özünə keçir, ailələrin narahatlığı üçün heç bir səbəb yoxdur”.

Öz növbəsində, həkim-infeksionist Azər Nağıyev də dəridə ləkə buraxan bəzi xəstəliklərdən söz açıb: “Suçiçəyi, məxmərək, qızılca, skarlatina, yalançı vərəm, bəzi bağırsaq infeksiyaları kimi xəstəliklərin kəskin dövründə dəridə ləkələr yaranır. Bu xəstəliklərin hərəsinin spesifik ləkələri var. Bunlar çox vaxt xəstəlik keçəndən sonra yox olur. Amma müəyyən infeksion xəstəliklər var ki, onlardan sonra dəridə ləkə qalır. Bir çox halda suçiçəyi xəstəliyindən sonra dəridə bu cür izlərə rast gəlirik. Bəzən bəzi infeksion xəstəliklər qaraciyəri zədələyir. Funksiyası pozulan qaraciyər də piqment mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu halda da dəridə piqment ləkələri əmələ gəlir”.

Həkim bildirib ki, infeksion xəstəliklər zamanı düzgün aparılmayan müalicələr də bir çox fəsadlara səbəb olur və bu zaman dəridə ləkələr yaranır. Düzgün və vaxtında aparılan müalicə zamanı isə demək olar ki, heç bir ləkə qalmır.

e-tibb.az