"Uşaqlarda dəmir çatışmazlığının başlıca səbəbi qidalanmadır" — PEDİATR

Bu gün uşaqlar arasında kifayət qədər geniş yayılan dəmir çatışmazlığı bir sıra problemlərə yol açır. Dəmir çatışmazlığı özünü uşaqlarda yorğunluq, halsızlıq kimi büruzə verir. Son zamanlar bu göstəricilər artıb. Buna səbəb nədir? Düzgün qidalanmamaq, yoxsa istehlak etdiyimiz qidaların tərkibinin standartlara uyğun olmaması?

“Ölkə.Az” bildirir ki, pediatr Vaqif Qarayev dəmir çatışmazlığına yol açan məqamlar barədə Oxu.Az-a danışıb. Onun sözlərinə görə, bu gün istər paytaxt ərazisində, istərsə də kənd yerlərində yetişdirilən məhsulların keyfiyyəti standartlara uyğun deyil.

“Vitamin B12 çatışmazlığı, orqanizmin fol turşusuna tələbatı, talassemiya xəstəliyi və daşıyıcılığı, qlükoza 6 fosfat dehidrogenaza deyilən fermentlər səbəbindən qanın ümumi analizində parametrlər dəyişkən ola bilir. Dəmir çatışmazlığı yaradan müxtəlif səbəblər ola bilər. Bunlar qanın ümumi analizində həkimlər tərəfindən müəyyən edilməlidir. Valideynlər sırf profilaktik cəhətdən il ərzində heç olmasa bir dəfə qanın ümumi analizini verib, uşaqları yoxlanışdan keçirməlidirlər. Həmin analizin nəticələrinə görə, həkimlər mövcud vəziyyəti qiymətləndirə və müalicə yaza bilər. Dəmir çatışmazlığı ilə bağlı müalicə aylarla davam edə bilir, gərək səbrlə təlimatlara uyğun davranılsın”.

Pediatr dəmir çatışmazlığı və orqanizmdə yaşanan digər problemləri düzgün qidalanmamaq və keyfiyyətsiz qida məhsulları ilə əlaqələndirir:

“Bu gün qidaların keyfiyyəti olduqca aşağıdır. Həkim olaraq, bu məqam məni çox narahat edir. Bəzən kənd yerlərində yetişdirilən məhsullara üstünlük verilir, amma artıq onlarda da keyfiyyət səviyyəsi aşağıdır. Təəssüf ki, satışda ağlınıza gəlməyəcək qədər keyfiyyətsiz qida məhsulları var. Ölkədə bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir. Düşünürəm, bu sahə ilə məşğul olan qurumlar da var. Nə üçün bütün il boyu Bakıda parnik tərəvəzləri satılır? Təbii şəkildə yetişirsə, onların parnikdə yetişdirilməsinə nə ehtiyac var? Bu məhsulların tərkibində gedən dəyişiklikləri nəzərə almırlar. 20 il əvvəl ilə indiki dövrü müqayisə belə etmək olmaz. Adi süd və süd məhsullarına baxın. İnəklərə bizim istehlak etdiyimiz çörək verilir. Otlaq sahələri həddən artıq azdır. O inəyin südünün tərkibində nə keyfiyyət olacaq? Qida təhlükəsizliyi bütün dünyada spesifik və prioritet istiqamətdir. Ciddi monitorinqlər apaılmalıdır”.

Dəmir çatışmazlığının daha çox uşaqlarda müşahidə edilməsinə münasibət bilirən V.Qarayev bildirib ki, bunu dəqiq demək üçün statistik nəticələrə baxılmalıdır:

“Valideynlər süni uşaq yeməklərindən imtina etməlidir. Bu gün uşaqlar çox fərqlidir. Elə bir ana tapmaq olmaz ki, o, uşağının qidalanmasından şikayət etməsin. Bu səbəbdən mən anaları qınamıram. Amma maksimum çalışsınlar, satışda olan süni uşaq yeməklərindən uzaq olsunlar. Uşaqlar bir gün yedikləri yeməyi ikinci gün yemək istəmirlər. Amma bütün hallarda satışdakı uşaq yeməklərindənsə, evdə olan məhsullardan fərqli yeməklər hazırlasınlar. Bu qat-qat daha sağlam qidalanmadır. Amma bəzən analar da tənbəllik edir. Uşağa yemək bişirmək yerinə çalışır ki, öz yediyi yeməkdən ona da versin. Uşaqların çoxu ancaq makaron sevir, valideynlər də mütəmadi olaraq uşağa makaron verir. Bu birtərəfli qidalanma hesab olunur ki, uşaqların sağlamlığına ziyandır. Makaron xəmir yeməkdir və o gec həzm olunur”.

Ölkə.Az